Avropa Putin-Tramp sövdələşməsinə qarşı – ŞƏRH

“Rusiya-Ukrayna müharibəsinin dayandırılması, tərəflər arasında sülh müqaviləsi ilə bağlı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin mümkün danışıqlarının nəticələrini nə Ukrayna, nə Qərb, nə də bütünlüklə dünya ictimaiyyəti qəbul etməyəcək. Bəzi məlumatlara görə, Tramp və Putin arasında, Avropanın ABŞ, keçmiş sovet respublikalarının isə Rusiyanın maraq dairəsinə qaytarılması razılığı əldə edilib”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

“Əlbəttəki, belə bir razılığın həyata keçirilməsi mümkün olmasa da, Rusiya tərəfindən müəyyən addımlar atılacaq. Hərçənd ki, Putin iqtidarı onsuz da SSRİ-nin bərpası üçün 2001-ci ildən hərəkətə başlayıb. Dünən də Ukrayna istiqamətinə Rusiyanın hərbi kolonu yenə keçmiş SSRİ-nin bayraqları ilə hücuma keçib və Ukrayna ordusu tərəfindən zərərsizləşdirilib.
Digər tərəfdən, bir müddət əvvəl Fransa prezidenti Emanuel Makronun Ukraynaya ordu yeritmək təşəbbüsü artıq ciddi qəbul edilir və reallaşa bilər. Böyük Britaniyanın da Ukraynaya hərbçilərinin göndəriləcəyi ilə bağlı bəyanatı Rusiya – Ukrayna müharibəsinin sonlanacağına inamı azaldır. Avropa ölkələrinin, Böyük Britaniyanın Ukraynadakı müharibə ilə bağlı mövqeyi ABŞ-ın Ukrayna ilə bağlı siyasi alver planlarını pozur. Almaniya kansleri Olaf Şolçun Fransalı həmkarı Makronla görüş öncəsi Ukrayna ilə bağlı verdiyi açıqlama ümumən Aİ-nın Ukrayna dəstəyinin davam etdirilməsini göstərir. Parisdə Avropa liderlərin toplantısı təbii ki, Tramp və Putin görüşünün gözlənilməz nəticələrinə qarşı tədbirlər planını ortaya çıxara bilər. Onsuz da, Tramp administrasiyası Avropanın təhlükəsizliyinə zəmanət vermir”, – politoloq əlavə edib.
Ekspert bildirib ki, Ukrayna müharibəsi ilə ABŞ silah sənayesinin son 50 ildə ən yüksək gəlir əldə etməsi faktı Trampın geri çəkilməsi üçün şərt və təzyiq ola bilər:
“Zelenski Tramp-Putin razılaşmasını qəbul etməməklə yanaşı, ABŞ-ni bu prosesdən kənar tutmağa çalışacaq. Böyük Britaniya və Avropanın aparıcı dövlətləri isə Ukraynaya dəstəyini gücləndirəcək, genişləndirəcək. Bu günlərdə Almaniyada, Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransda Ukrayna prezidenti Zelenskinin qəbulu və çıxışının alqışla qarşılanması Ukraynanın Rusiyaya qarşı dirənişinə dəstəyin davam etdiriləcəyini göstərir.
Ən əsas həlledici məqam isə, Ukrayna xalqının ərazilərinin itkisi ilə barışmaz mövqeyi və müharibənin davam etdirilməsində qətiyyətli olmasıdır. Elə əslində də, Rusiyanı qorxudan əsas şərt məhz xalqın inamlı müqavimətdir. Müharibə öncəsi Kiyevi 2-3 günə tutmağı planlaşdıran Rusiya, hətta Qərbin Zelenskiyə siyasi sığınacaq təklifi fonunda Ukraynanın möhtəşəm dirənişi ilə Rusiyanın hərbi acizliyinin ortaya çıxarması Zelenskinin Putin üzərində psixaloji qələbəsidir. Putin məhz bu səbəbdən onu qeyri-legitim saymaqla Zelenski ilə üz-üzə gəlmək istəmir”.
“Ər-Riyadda planlaşdırılan ABŞ Rusiya danışıqlarının Ukraynadakı müharibənin taleyinə əhəmiyyətli təsiri ola bilməz, nəinki onun bölünməsinə”, – sonda V.Dadaşov qeyd edib.