Xəbərlər

ATƏT-in Cənubi Qafqaza qayıtmasına ehtiyac yoxdur… – Şərhçi

ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Bakıya səfəri təşkilatla Azərbaycan arasında münasibətlərin mövcud vəziyyəti və onun Cənubi Qafqaz siyasətindəki real rolunun qiymətləndirilməsi baxımından müəyyən əhəmiyyət daşıyır. Lakin rəsmi Bakının mövqeyi tamamilə aydındır. ATƏT uzun illər Azərbaycan-Ermənistan münaqişəsində vasitəçilik missiyasını yerinə yetirsə də, heç bir uğurlu nəticə əldə edə bilmədi.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Azərbaycan-Ermənistan Mövzusu ATƏT Üçün Artıq Qapalı Səhifədir”

Ekspert Azərbaycanın ATƏT-in vasitəçiliyinə nəinki ehtiyac duymadığını, hətta bu gündəliyin artıq geridə qaldığını vurğulayıb:

“Azərbaycan artıq açıq şəkildə nümayiş etdirib ki, ATƏT bu məsələdə effektiv vasitəçi kimi çıxış edə bilmədi. Rəsmi Bakı təşkilatın keçmişdəki qeyri-obyektiv və nəticəsiz yanaşmasını qətiyyən qəbul etmir. Uzun fasilədən sonra ATƏT-in Cənubi Qafqazda rolunu bərpa etməsinə və ya artırmasına heç bir ciddi ehtiyac yoxdur. İllər ərzində əsas münaqişənin həllində sıfır nəticə göstərən bir qurumun bundan sonra hansı ciddi funksiyanı yerinə yetirəcəyi böyük sual doğurur. Azərbaycan diplomatik etiket çərçivəsində təşkilatla normal münasibətləri saxlayır, lakin Azərbaycan-Ermənistan tənzimlənməsi ATƏT üçün artıq tamamilə qapanmış mövzudur”.

“Sülh İkitərəfli Formatda Həll Olunur: ATƏT Avropaya Diqqət Ayırmalıdır”

MCP rəsmisi sülh prosesinin birbaşa Bakı və İrəvan arasında getdiyini və ATƏT-in diqqətini başqa kəskin böhranlara yönəltməli olduğunu bildirib:

“Bu məsələ birbaşa Azərbaycan və Ermənistan arasında həll edilməlidir. Hazırda de-fakto iki ölkə arasında sülh mühiti formalaşıb. Sülh sazişinin imzalanması tərəflərin birbaşa apardığı danışıqların nəticəsindən asılıdır. Buna görə də bu mövzuların ATƏT çərçivəsində müzakirəsinə heç bir lüzum yoxdur. Təşkilat bundan sonra diqqətini özünün əsas mandatına – Avropanın təhlükəsizlik arxitekturasına, xüsusilə Gürcüstan-Rusiya münasibətləri kimi kəskin mövzulara yönəltməlidir. Azərbaycan və Ermənistanla bağlı məsələlər isə artıq ATƏT-in əsas gündəliyində əvvəlki kimi yer ala bilməz”.

Bir cavab yazın

Back to top button