AŞPA-nın ikili standartları bizim üçün keçərsizdir… – Deputat

Prezident İlham Əliyevin ‘Avropa Siyasi Birliyi’nin 8-ci Zirvə toplantısındakı çıxışı Azərbaycan dövlətinin həm hərbi, həm də diplomatik müstəvidə qazandığı qətiyyətli mövqeyin növbəti təsdiqidir. Bu gün biz artıq diktə edilən tərəf deyil, regionun gələcək xəritəsini cızan, sülhü faktiki olaraq həyata keçirən güclü bir dövlət kimi çıxış edirik.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev dövlət başçısının çıxışını şərh edərkən bildirib.
Millət vəkili Azərbaycanın beynəlxalq nüfuzunun və sülh quruculuğundakı rolunun dövlətçilik maraqları baxımından əhəmiyyətini belə vurğulayıb:
“Avropa Siyasi Birliyinin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsi və bunun Ermənistan tərəfindən dəstəklənməsi dövlətimizin beynəlxalq nüfuzunun və strateji üstünlüyünün göstəricisidir. Bu, sadəcə bir tədbir deyil, Azərbaycanın regionda yaratdığı yeni reallığın dünya tərəfindən qəbul edilməsidir. Sülhün kağız üzərindən əməli müstəviyə keçməsi – Ermənistana 28 min ton yükün daşınması və enerji resurslarının təchizatı dövlətimizin humanistliyini deyil, həm də iqtisadi gücünü və tranzit imkanlarının qaçılmazlığını nümayiş etdirir”.
MCP başqanı eyni zamanda bəzi Avropa təsisatlarının qərəzli mövqeyinə dövlətimizin verdiyi reaksiyanı milli təhlükəsizlik və prestij baxımından yüksək qiymətləndirib:
“Avropa Parlamenti və AŞPA kimi qurumların ikili standartları, Azərbaycanın suverenliyini bərpa etməsindən narahat olan dairələrin fəaliyyəti artıq dövlətimizin iradəsi qarşısında acizdir. Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarı, milli ləyaqətimizin və müstəqil xarici siyasətimizin qorunması istiqamətində atılmış ən doğru addımdır. Biz heç kimin qarşısında hesabat vermirik; biz öz torpağımızda beynəlxalq hüququ bərpa etmişik. ‘Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu’nun Orta Dəhlizin tərkib hissəsi kimi irəli sürülməsi isə dövlətimizin qlobal layihələrdəki əvəzedilməz yerini bir daha sübut edir”.
Deputat yekunda qeyd edib ki, Azərbaycan sülh gündəliyinə sadiq qalmaqla həm də öz təhlükəsizlik arxitekturasını möhkəmləndirir və bu xətt dövlətimizin gələcək inkişafının zəmanətidir.
