AŞPA-Azərbaycan münasibətlərinin sonu necə olacaq? – Deputat
AŞPA-nın Azərbaycana əleyhinə qərarları Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qazandığı Qarabağ zəfərindən sonra ölkəmizə qarşı təzyiq göstərmək məqsədi daşıyır.
Bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Onun fikrinə görə, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin mandatını məhz Qarabağ zəfərindən sonra ləğv etməsi ölkəmizə qarşı qərəzli və siyasi motivli bir addımdır:
“Bu qərar, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qazandığı Qarabağ zəfərindən sonra ölkəmizə qarşı təzyiq göstərmək məqsədi daşıyır və AŞPA-nın bu məsələdə obyektivlikdən uzaq olduğunu sübut edir. Azərbaycan 30 il ərzində BMT qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, regionda sülh və sabitlik üçün ciddi səylər göstərmişdir. Lakin AŞPA, Ermənistana dəstək nümayiş etdirərək, bu sülh təşəbbüslərinə kölgə salır. AŞPA-nın Azərbaycana qarşı belə yanaşmaları bir neçə məqamı açıq şəkildə göstərməkdədir. Birincisi, təşkilat, Azərbaycanın ədalətli mübarizəsini tanımaq əvəzinə, ikili standartlara əsaslanan qərarlar qəbul edir. ikincisi, AŞPA bölgədə yeni reallıqları qəbul etməkdən imtina edərək, Ermənistanın destruktiv siyasətini dolayısı ilə dəstəkləyir. Üçüncüsü, bu qərar həm də Azərbaycanın öz ərazi bütövlüyü sahəsində prinsipial siyasətinə təzyiq göstərmək məqsədi daşıyır. Gördüyümüz kimi, Azərbaycan hakimiyyəti bu cür qərarlarla razılaşmır və maraqlarını müdafiə etmək üçün bütün beynəlxalq platformalarda prinsipial mövqeyini davam etdirməkdədir”.
Deputat bildirib ki, AŞPA-nın bu addımı nəinki Azərbaycanın, həm də regionun sülh və sabitlik səylərinə ciddi zərbə vurmaqla bərabər, həm də bir çox vacib məsələlərdə, o cümlədən insan hüquq və azadlıqları sahəsində kommunikasiya kanallarını bağlayır:
“Görünən fakt budur ki, Azərbaycan AŞPA-nın tələblərinə boyun əyməyəcək. Bu o deməkdir ki, Azərbaycan nümayəndə heyətinin mandatını ləğv edilməsinin arxasında dayanan məqsəd havadan asılı qalacaq. Buna görə də AŞPA kommunikasiya kanalını açmaq və danışmaq üçün Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməlidir. Bu imkan verəcək ki, AŞPA Azərbaycan hökuməti ilə siyasi, iqtisadi, sosial, demokratiya, insan hüquq və azadlıqları sahəsində müzakirələr və danışıqlar apara bilsin. Əks halda, qarşılıqlı ittihamlar münasibətləri daha da gərginləşdirərəcək və bu da heç bir tərəfə xeyir gətirmir”.