Xəbərlər

Aİ-Gürcüstan münasibətlərinin düzəlməsi real deyil… – Ekspert

“Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında münasibətlərin kəskin gərginləşməsi birbaşa olaraq rəsmi Tiflisin son dövrlərdə atdığı sərt və ziddiyyətli siyasi addımların nəticəsidir”.

Sosdem.az xəbər verir ki, bunu regionda cərəyan edən son geosiyasi prosesləri şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Şərhçi qeyd edib ki, xarici agentlər, qeyri-hökumət təşkilatları və müxalifətlə bağlı qəbul edilən sərt qanunlar Brüsselin Gürcüstan hökumətinə qarşı daha prinsipial mövqe sərgiləməsinə rəvac verib.

“Hazırda qonşu ölkənin ənənəvi avrointeqrasiya xəttindən uzaqlaşaraq daha çox Rusiya ilə balanslaşdırılmış münasibətlərə meyil etdiyi müşahidə olunur. Avropa İttifaqının mövqeyini tam şəkildə qərəzli hesab etmək doğru olmazdı. Müəyyən hallarda Brüsselin qeyri-konstruktiv yanaşması qeydə alınsa da, ümumi mənzərədə Aİ-nin Gürcüstana münasibəti obyektiv siyasi meyarlara əsaslanır. İnsan hüquqları, demokratiya, fikir və söz azadlığı kimi prinsiplər Avropa İttifaqı üçün əsas prioritetlərdir və Gürcüstan əvvəlki illərdə bu istiqamətdə ciddi irəliləyiş əldə etmişdi. Lakin hakim ‘Gürcü Arzusu’ partiyası və onun lideri Bidzina İvanişvilinin son siyasi kursu daha sərt idarəçilik modelinə üstünlük verir”.

MCP rəsmisiə vurğulayıb ki, Tiflisin rəsmi bəyanatları ilə praktiki fəaliyyəti arasında ciddi ziddiyyət yaranıb və bu, yaxın gələcəkdə münasibətlərin düzəlmə ehtimalını azaldır:

“Rəsmi səviyyədə avrointeqrasiya və Aİ-yə üzvlük hədəfi bəyan olunsa da, praktiki siyasətdə tamamilə bunun əksinə yönələn addımlar atılır. Məhz bu səbəbdən, mövcud siyasi reallıqları nəzərə alaraq, yaxın perspektivdə Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin normallaşması real görünmür”.

Bir cavab yazın

Back to top button