Ağdam birliyimizin, gücümüzün təsdiqidir… – Deputat

20 Noyabr xalqımız üçün yalnız bir tarix deyil, Ağdamın taleyində yeni bir səhifə, xalqımız üçün güc, birlik günüdür”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, bu gün biz işğaldan azad olunmuş torpaqlarımızın gələcəyinə böyük inamla baxır, Ağdamın yenidən qurulmasını milli qürur məsələsi hesab edirik.
“Mən əminəm ki, Ağdam çox tezliklə əvvəlkindən də gözəl olacaq. Dövlətimizin apardığı genişmiqyaslı bərpa işləri burada yeni həyatın əsasını qoyur. Şəhidlərimizin qanı bahasına geri alınmış torpaqların dirçəlişi, o torpaqları əvvəlkindən də gözəl şəkildə bərpa etmək bizim mənəvi borcumuzdur. Ağdamın dirçəlişi Azərbaycanın gücünün, xalqımızın birliyinin, iradəsinin təsdiqidir. Bu günün mənası həm də ondan ibarətdir ki, biz düşdüyümüz ağır günləri unutmadan, daha güclü gələcək qurmalıyıq. Ağdam şəhəri günü xalqımızın qürur yaddaşı, gələcəyə inam simvoludur”, – MCP başqanı deyib.
Deputat sonda torpaqlarımızın azadlığı uğrundan canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib.
Qeyd edək ki, noyabrın 20-si Ağdam Şəhəri Günüdür.
