Xəbərlər

AFFA-nın Ayxan Abbasova 4 oyunluq təklifi… – Ekspert

Azərbaycan futbolunun, xüsusən də milli komandamızın taleyi hamımızı çox narahat edir. Ən böyük problem isə AFFA-nın fəaliyyətidir. Fernando Santuş gedən kimi bir günə komandanı Ukrayna ilə oyuna psixoloji hazırlayan və uğurlu nəticə əldə edən Ayxan Abbasova AFFA-nın 4 oyunluq təklifi nəinki məşqçinin şəxsinə, ümumən yerli mütəxəssislərə açıq hörmətsizlik, inamsızlıqdır.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib.

MCP rəsmisi qeyd edib ki, AFFA A.Abbasova 4 oyunluq razılaşma təklif etməklə onu əvəzləmək üçün zəmin hazırlayır:

“Yoxsa A.Abbasovdan daha yaxşısını tapıb? Maraqlıdır. Qısa müddətdə Azərbaycanın milli komandasını 2 dəfə Fransa, Ukrayna və İslandiya ilə oyuna hazırlamaq və uğurlu nəticə əldə etmək çox çətin məsələdir. Onda niyə A.Abbasov 4 oyunla “ofsayda” salınır, məqsəd nədir?!

Bəlkə, AFFA yenə xarici mütəxəssis sevdasındadır. Əgər belədirsə, AFFA-nın xarici mütəxəssislərə ehtiyacı əsaslı suallar doğurur. Axı heç bir xarici mütəxəssis Azərbaycan futbolunu, azərbaycanlı futbolçuları yerli mütəxəssislərdən yaxşı tanıya bilməz, bacarıq, həm də xüsusiyyət baxımından. Və nəhayət, heç bir əcnəbi bizi bizdən çox sevməz bilməz.

Bəlkə AFFA əcnəbi məşqçiləri bizimkilərdən daha ağıllı, bacarıqlı sayır. Bir nümunə bəs edir: Qarabağ FK-nın baş məşqçisi, azırbaycanlı Qurban Qurbanov əcnəbi 2-ci liqa və yerli futbolçulardan elə bir komanda qurub ki, beynəlxalq yarışlarda bizə yuxarıdan aşağı baxan komandaları, məşqçiləri məğlub edir, dünyanı heyrətə salır.

Əgər AFFA Ayxan müəllimlə deyil, digər azərbaycanlı mütəxəssislə müqavilə bağlayırsa, bu başqa məsələ, yox əgər yenə milyonlar qazanmağa xarici mütəxəssis gətirilirsə, onda məqsəd aydındır. Demək, problem futbolumuzda yox, AFFA rəhbərliyinin maraqlarındadır”.

Hüquqşünas onu da qeyd edib ki, Fernando Santuş ilə bağlanan müqavilə və ödənilmiş kompensasiya AFFA-nın buraxdığı hüquqi boşluqdan, bəlkə də bacarıqsızlığından irəli gəlir:

“Sual olunur ki, AFFA bir qoca ilə milyonluq müqavilə bağlayarkən niyə mümkün fors-major halları nəzərə almayıb (bəlkə də heç almaq istəməyib) və niyə uzunmüddətli müqavilə bağlayıb ki, kompensasiya ödəməyə məcbur olub?! Bu ya kompetensiya, hansı ki, güman azdır, ya da “elə belə lazım imiş” məsələsidir”.

Bir cavab yazın

Back to top button