Xəbərlər

ABŞ və İsrail SEPAH qarşısında aciz qala bilər… – Politoloq

SEPAH-ın İranda hakimiyyəti tam ələ alması region üçün təhlükəsizlik risklərini pik həddə çatdırıb. ABŞ və İsrail kiçik bir Həması ləğv edə bilmədiyi halda, nəhəng hərbi gücə malik SEPAH-ı məhv etməkdə çətinlik çəkir…

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə İrandakı daxili hakimiyyət dəyişiklikləri və ABŞ-ın regiondakı hərbi-siyasi ssenarilərini şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, hazırkı vəziyyətdə İranda rejimi devirmək quru əməliyyatı olmadan qeyri-mümkündür və bu reallıq Vaşinqtonu SEPAH-la anlaşmağa məcbur edə bilər.

SEPAH-ın Hegemonluğu və “Oğul Xamenei” Layihəsi

Analitik İrandakı yeni rəhbərlik modelinin arxasında duran əsas məqsədləri açıqlayıb:

“İranda SEPAH-ın hakimiyyəti tam ələ alması və əsas söz sahibinə çevrilməsi region üçün riskləri artırır. Yeni Ali dini rəhbərin (Müctəba Xameneinin) səlahiyyətləri olsa da, o, artıq həlledici fiqur deyil. SEPAH Müctəba Xameneini dini rəhbər gətirməklə sadəcə sistemin dayanıqlığını qorumağı hədəfləyib. Əslində idarəçilik tamamilə korpusun nəzarətinə keçib”.

Trampın Seçimi: Anlaşma, yoxsa “Qəzza taleyi”?

MCP rəsmisi ABŞ və İsrailin hərbi imkanlarının İran qarşısında yetərsiz qala biləcəyini qeyd edib:

“ABŞ və İsrail tandemi İranda rejimi devirə bilmir. Bunun üçün quru əməliyyatı mütləqdir. Lakin kiçik bir Həması ləğv edə bilməyən Vaşinqton və İsrail üçün dövlət resurslarına sahib olan SEPAH-ı yox etmək çox çətin görünür. Donald Trampın məhz SEPAH-la atəşkəs əldə etməyə çalışması bu reallıqdan irəli gəlir. Əgər anlaşma baş tutmasa, İran şəhərlərini Qəzzanın acı taleyi gözləyir”.

Pakistanın Atəşkəs Planı və Daxili Ziddiyyətlər

Politoloq İran rəhbərliyi daxilində atəşkəslə bağlı fərqli yanaşmaların olduğunu bildirib:

“İran prezidenti Məsud Pezeşkian Pakistanın irəli sürdüyü 45 günlük atəşkəsə razılaşa bilər. Hətta SEPAH daxilində də bunu mümkün hesab edənlər var. Lakin korpusun əsas qanadı hələ də hərbi əməliyyatların davam etməsində maraqlı görünür. Trampın SEPAH-la birbaşa atəşkəs cəhdləri isə regionun uzunmüddətli təhlükəsizliyi üçün mənfi nəticələrə yol aça bilər”.

Bir cavab yazın

Back to top button