Xəbərlər

ABŞ və İran arasında atəşkəs rejimi çox kövrəkdir… – Politoloq

ABŞ-İran atəşkəsi kövrəkdir: İslamabad görüşü regionun nüvə taleyini həll edə bilər…

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Tərəflər arasında hələ də dəqiq bir ortaq mənzərə formalaşmayıb və hər iki tərəf öz şərtlərini diktə etməyə çalışır, deyən ekspert, masaya gətirilən paketlər arasındakı ziddiyyətə diqqət çəkib:

“Amerika tərəfi özünün 15 maddəlik təklifinin əksəriyyətinin qəbul edildiyini və digərlərinin müzakirə olunduğunu deyir. İran isə Tehranın təklif etdiyi 10 bəndlik paketin müzakirə masasında olduğunu bildirir. Ortada hələ ki, tam aydın bir mənzərə yoxdur. Əgər bu günlər ərzində kövrək atəşkəs rejimi qorunub saxlanarsa, aprelin 10-da İslamabadda tərəflər arasında həlledici görüşün keçirilməsi gözlənilir”.

Politoloq qeyd edib ki, əsas mübarizə uranın zənginləşdirilməsi üzərində gedir:

“İran mülki məqsədlər üçün uran zənginləşdirməkdə maraqlı olduğunu nümayiş etdirir. ABŞ isə İran ərazisində bu prosesin tam dayandırılmasını hədəfləyirdi. Lakin razılaşma əldə olunarsa, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nəzarəti altında İranın dinc məqsədlər üçün nüvə zənginləşdirməsinə icazə verilə bilər. Əslində, Vaşinqton mülki nüvənin əleyhinə deyil, əsas narahatlıq İranın nüvə silahı əldə etməsidir ki, bunu region dövlətləri də arzulamır”.

MCP rəsmisinin sözlərinə görə, Tehranın geri addım atmaması vəziyyəti yenidən hərbi müstəviyə keçirə bilər:

“Əgər İran tərəfi uranın nəzarət altında və yalnız dinc məqsədlər üçün zənginləşdirilməsi təklifindən imtina edərsə, tərəflər arasında ciddi problemlər yaşanacaq. Belə olan halda sanksiyalar qüvvədə qalacaq və hətta dayandırılmış müharibənin yenidən alovlanması qaçılmaz olacaq”.

Bir cavab yazın

Back to top button