Xəbərlər

ABŞ Rusiyanı niyə “qoruyur”? – ŞƏRH

ABŞ üçün əsas strateji hədəf Çindir və Ukrayna müharibəsində atılan addımlar da məhz bu prioritetlə bağlıdır.

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə yanaşmasını Vaşinqtonun qlobal geosiyasi maraqları kontekstində Sosdem.az-a dəyərləndirib.

Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynada tam məğlubiyyəti Moskvanın parçalanmasını sürətləndirə, bundan isə ən çox Çin faydalana bilər:

“Çin Rusiya üzərində həm ərazi, həm təbii ehtiyatlar, həm də geosiyasi baxımdan uzunmüddətli hesablamalar aparır və bu amil ABŞ-ni ehtiyatlı davranmağa vadar edir. Tarixən Nerçinsk (1689), Aygun (1858) müqavilələri, Tarbağatay protokolu (1864) və SSRİ-Çin sərhəd toqquşmaları nəticəsində Rusiya Çindən təxminən 1,3 milyon kvadrat kilometr ərazi əldə edib. Çin bu iddiaları açıq şəkildə gündəmə gətirməsə də, tarixi torpaqlardan imtina etməyib və 2008-ci ildə Rusiyadan bəzi əraziləri geri qaytara bilib”.

Analitik vurğulayıb ki, Rusiyanın Ukraynada müharibəni davam etdirməsi onun Çindən asılılığını dərinləşdirir, bu da Pekinin prosesin sonuna dair böyük planlarının olduğunu göstərir:

“Eyni zamanda, ABŞ-nin sanksiya siyasəti Avropanı enerji baxımından Vaşinqtondan daha asılı vəziyyətə salır və bu, ABŞ-a Avropa üzərində siyasi-iqtisadi təzyiq imkanlarını artırır. Ağ evin NATO-dan çıxmaqla bağlı hədələri Avropanı təhlükəsizlik çətirindən kənarlaşdırmaq məqsədi daşımır, əksinə, daha çox güzəşt əldə etmək üçün rıçaq rolunu oynayır. Almaniyanın hərbi sənayeni gücləndirməsi və məcburi hərbi xidmətin bərpası Avropada ABŞ-dən asılı olmayan təhlükəsizlik mexanizmi axtarışlarının göstəricisidir”.

MCP rəsmisi bildirib ki, Rusiya-Türkiyə münasibətləri və Qara dəniz ətrafındakı gərginlik də ABŞ-Çin qlobal qarşıdurmasının regional təzahürüdür və Vaşinqton üçün əsas risk Türkiyə-Rusiya-Çin oxunun funksional əməkdaşlığa çevrilməsidir:

“ABŞ Rusiya-Ukrayna müharibəsində elə bir balans yaradır ki, Rusiya tam məğlub olmasın və bu boşluğu Çin doldurmasın. Çünki Rusiyanın parçalanması Çinin ərazi və resurs baxımından sürətlə güclənməsi deməkdir. ABŞ üçün əsas təhlükə məhz budur. Avropanın enerji asılılığının artması Vaşinqtona həm iqtisadi, həm də siyasi təzyiq alətləri verir. NATO-dan çıxmaq hədələri də bu təzyiq siyasətinin tərkib hissəsidir. ABŞ Avropanı tərk etmək niyyətində deyil, sadəcə, asılılığı dərinləşdirir. Türkiyə-Rusiya-Çin oxunun formalaşması isə ABŞ üçün ciddi strateji risk yaradır. Qara dənizdə və regionda baş verən proseslər də bu böyük qlobal qarşıdurmanın əks-sədasıdır.”

Bir cavab yazın

Back to top button