Xəbərlər

ABŞ quru əməliyyatına başlayır? – Şərhçi

ABŞ və İsrail İranla bağlı strateji hədəflərinə nail olublar. İran strateji məğlubiyyətə uğrayıb və ölkədə artıq vahid, təsirli siyasi qərarvermə mərkəzi görünmür.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Analitik vurğulayıb ki, müharibə ABŞ-nin regiondakı hegemonluğunu yeni müstəviyə daşıyıb:

“Müharibə hələ bitməsə də, ABŞ və İsrailin İranla bağlı hədəflərinə nail olduqlarını demək olar. ABŞ Körfəz ölkələrini elə vəziyyətə saldı ki, onlar artıq partnyor deyil, vassal mövqeyinə düşdü. Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmana qarşı alçaldıcı davranışı ərəb ölkələri üçün ciddi strateji dəyişikliklərə səbəb ola bilər. Körfəz dövlətlərinin İran qarşısında müdafiəsizliyi onları alternativlərə – Çin, Rusiya və ya Türkiyəyə yönəldə bilər. Hətta Pakistanla nüvə təhlükəsizlik çətiri barədə danışıqların aparıldığı bildirilir”.

Politoloqun fikrincə, Vaşinqtonun əsas hədəfi regionun enerji damarlarını tam nəzarətə götürməkdir:

“Əgər ABŞ-nin planlaşdırdığı quru əməliyyatları uğurlu olarsa, Hörmüz boğazına tam nəzarət edəcək. Xark adasından daha çox Hörmüz boğazı və Hörmüzqan sahillərinə nəzarət əsas hədəfdir. Hətta Hörmüzqanın müstəqilliyi bufer zonası kimi gündəmə gələ bilər. Regiona azı 50 min elit hərbi qüvvənin cəlb edilməsi quru əməliyyatları ehtimalını artırır. Bu əməliyyatın bir məqsədi də 450 kq zənginləşdirilmiş uranın ölkədən çıxarılmasıdır. İranın 15 maddəlik tələbləri qəbul etməməsi yüksək rütbəli rəsmilərin öldürülməsi ilə nəticələnə bilər”.

MCP rəsmisi qeyd edib ki, İsrail artıq hərbi məqsədlərinin böyük hissəsini reallaşdırıb:

“Rəsmi məlumata görə, İsrail əsas hədəflərinə – İranın nüvə və ballistik raket proqramının ləğvinə nail olub. ‘Böyük İsrail’ planı üzrə Livan istiqamətində bufer zonasını genişləndirib. İran isə strateji məğlubiyyətə uğrayıb. Ölkədən Türkiyəyə edilən növbəti raket hücumu sübut edir ki, İranda artıq mərkəzi idarəetmə itirilib. İranın qalib vəziyyətdə saxlanılması real görünmür. Əgər rejim dəyişməzsə, müəyyən müddətdən sonra İraq üzərindən İsrailə quru hücumu ehtimalı ABŞ-ni İran kampaniyasını tam uğurla bitirməyə vadar edir”.

Bir cavab yazın

Back to top button