Xəbərlər

ABŞ-nin İsrailə təzyiqi müvəqqəti və formaldır… – Şərhçi

Qəzza məsələsində növbəti mövcud bədbəxtlik ondan ibarətdir ki, sülh planı barədə hətta ABŞ və İsrail arasında da ciddi ziddiyyətlər yaranıb. Vaşinqtonun vasitəçilik cəhdlərinə və diplomatik təzyiqlərinə baxmayaraq, Tel-Əvivin addımları Yaxın Şərqdə davamlı atəşkəs ehtimalını getdikcə zəiflədir.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqann müavini, politoloq Tural İrfan deyib.

“İsrailin Məqsədi Sülh Deyil, İşğalı Genişləndirməkdir”

Ekspert İsrailin sülh danışıqlarındakı mövqeyini və ABŞ-nin təsir imkanlarının məhdudluğunu vurğulayıb:

“İsrail ABŞ-nin Qəzzada sülh planına maneələr yaradır, əlavə şərtlər irəli sürür. Çünki məqsədi mahiyyəti üzrə sülh deyil. İsrailin köklü planı yalnız işğaldır. ABŞ-nin İsrailə təsir etməsi müvəqqəti xarakter daşıyacaq. ABŞ-nin təsiri ilə İsrail dövlət proqramını dəyişə bilməz. Əslində, ABŞ-nin bütün məqsədləri dolayı yolla İsrailin maraqlarını təmin etməyə xidmət edir”.

“Misir Və ABŞ Yaxınlaşması Qəzza Yox, İran Cəbhəsi İlə Bağlıdır”

MCP rəsmisi regional aktorların, xüsusilə Misir və ABŞ-nin diplomatik gedişlərinin arxasında duran əsl məqsədlərə diqqət çəkib:

“Misirin bu məsələdə o qədər də həlledici rol alması gözlənilmir. Misir və ABŞ arasında normal münasibətlərin inkişafı Qəzza məsələsinə görə deyil, İrana qarşı mümkün cəbhə yaradılması sarıdandır. Yəni regiondakı diplomatik fəallıq Fələstin xalqının xilasından ziyada, Tehranı çəkindirmək strategiyasına xidmət edir”.

“Qəzzanın Xilası Yalnız Türkiyənin Siyasəti İlə Mümkündür”

Başqan müavini regionda real və effektiv mövqe nümayiş etdirən yeganə gücün Ankara olduğunu qeyd edib:

“Mövcud mənzərə göstərir ki, beynəlxalq mexanizmlər və Qərb diplomatiyası iflasa uğrayıb. Qəzzanın xilası yalnız Türkiyə və onun yürütdüyü prinsipial siyasət sayəsində mümkündür”.

Bir cavab yazın

Back to top button