ABŞ Maduro hakimiyyətini terror təşkilatı kimi tanıyıb – ŞƏRH

ABŞ Dövlət Departamentinin Maduro hakimiyyətini rəsmi şəkildə xarici terror təşkilatı kimi tanıması regionda gərginliyi artıracaq və Venesuelanı müttəfiqləri ilə birlikdə addımlar atmağa sövq edəcək.
Sosdem.az xəbər verir ki, bunu “İnformator.az”a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.
Politoloq qeyd edib ki, siyasi balansın dəyişməsi təkcə bu qərardan asılı deyil:
“Balansın hansı istiqamətə dəyişəcəyi yalnız hərbi əməliyyatların başlanacağı halda tam şəkildə aydınlaşacaq. ABŞ-nin məqsədi Rusiyanın müttəfiqlərini zəiflədib maksimum təzyiqə nail olmaqdır. Bu çərçivədə Venesuela ilə yanaşı, İrana qarşı da sərt addımlar davam etdiriləcək. Eyni zamanda Çin və Şimali Koreya məsələləri də Vaşinqtonun gündəmindədir. Venesuela ABŞ-nin mümkün hərbi müdaxiləsinə qarşı Rusiyadan minlərlə “İqla-S” raket kompleksi alıb. Bununla belə, Dövlət Departamentinin Maduro rejimini terrorçu kimi tanıması dərhal hərbi əməliyyatların başlanması anlamına gəlmir. Bu addım daha çox Venesuelaya xəbərdarlıq, Rusiyaya isə təzyiq xarakteri daşıyır. Hərbi intervensiya beynəlxalq hüquq baxımından legitimləşdirilsə də, onun həyata keçirilməsi ciddi problemlər yarada bilər”.

MCP rəsmisi bildirib ki, əgər Venesuela hakimiyyəti xarici siyasətində dəyişiklik etməsə, islahatlara getməsə və danışıqların nəticəsi beynəlxalq təşkilatların gözləntiləri ilə uzlaşmasa, Maduro rejiminə qarşı hava zərbələrinin həyata keçirilməsi mümkündür:
“Bu addım həm də müharibənin coğrafiyasını genişləndirmək, Rusiyanın Venesuelaya silah satışına görə sanksiyaları gücləndirmək və ABŞ-nin digər maraqlarını təmin etmək məqsədi daşıya bilər. Ukrayna məsələsində Rusiyanın müəyyən üstünlüyü Qərbin nüfuzuna ciddi zərbə vurur. Buna görə ABŞ fərqli siyasət yürüdərək Rusiyanın regional dayaqlarını zəiflətməyə çalışır. Əgər ABŞ Venesuelaya hərbi müdaxilə edərsə, Maduro rejiminin çökməsi qaçılmaz ola bilər. Çünki Rusiya onu müdafiə etməyə hazır görünmür və nəticə etibarilə Səddam Hüseyn rejiminin taleyinə bənzər vəziyyət yaşana bilər. Bu halda Rusiyanın regiondakı maraqlarının zəifləməsi və müttəfiqlərindən birini itirməsi hesabına siyasi balans ABŞ-nin xeyrinə dəyişə bilər. Suriyada Əsəd rejiminə Qərbin dəstəyinin zəifləməsi də eyni məntiqin nəticəsi idi. Çünki Əsəd hakimiyyəti Rusiyanın Yaxın Şərqdə uzunmüddətli dayaqlarından biri sayılırdı. Ukrayna müharibəsinin taleyi naminə Qərb bu dəstəkdən geri çəkildi və proseslər fərqli istiqamətdə inkişaf etdi. Hazırda Venesueladakı Maduro hakimiyyəti üçün də oxşar ssenarinin təkrarlanması mümkündür”.
Tural İrfan sonda vurğulayıb ki, blükdə proses Rusiyanın dayaqlarını və müttəfiqlərini sistemli şəkildə zəiflətmək strategiyasına əsaslanır.