Xəbərlər

ABŞ-İran savaşının gizli qalibi Pekindir… – Analitik

İran onilliklərlə geri salındı, lakin ABŞ və İsrail də bu müharibənin uduzan tərəfləridir. Çin isə İran vasitəsilə Qərbi vura bildi…

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, hərbi-siyasi ekspert Vüqar Dadaşov regionda davam edən mürəkkəb müharibə ssenarilərini və İranın düşdüyü ağır vəziyyəti şərh edərkən bildirib.

Hərbi uğurlara baxmayaraq, İsrailin yanlış hesablamaları və qlobal güclərin maraqları müharibənin nəticələrini hər kəs üçün ağırlaşdırıb, deyən ekspert, İranın daxilində baş verən sarsıntıların dövlətçilik üçün kritik həddə çatdığını vurğulayıb:

“Hücumun ilk dəqiqələrində ali dini lider Əli Xamenei daxil olmaqla 50-dən çox rəhbər şəxsin öldürülməsi İranın iradə iliyini sındırdı. Hazırda ölkənin hərbi sənayesi, raket və nüvə potensialı demək olar ki, yoxdur. Maraqlıdır ki, bu xaosda heç kim rəhbər vəzifəyə gəlmək istəmir və faktiki hakimiyyət SEPAH-ın əlinə keçib. Müctəba Xameneinin uduzması və ölkədə rejim dəyişikliyinin baş verməsi qaçılmaz bir reallıqdır”.

Politoloqun fikrincə, bu müharibədə heç bir tərəf tam qələbə qazanmayıb:

“Uduzan təkcə İran deyil, həm də ABŞ və İsraildir. İsrailin xüsusi xidmət orqanları İranın faktiki gücünü və müttəfiqlərin (Rusiya, Çin) dəstəyini düzgün qiymətləndirmədi. Nəticədə İsrail ordusunda kadr çatışmazlığı və raket hücumlarına hazırlıqsızlıq üzə çıxdı. ABŞ-da isə bu müharibə prezident Donald Trampın impiçment məsələsini sürətləndirən bir katalizatora çevrildi. Vaşinqtonun regional nüfuzu ciddi şəkildə zədələndi”.

Analitik müharibənin pərdəarxası qütbləşməsinə diqqət çəkib:

“Çin bu cəbhənin əsl qalibidir. O, İran vasitəsilə ABŞ və İsraili vurdu. İran nefti Çin üçün strateji enerji xətti idi və Pekin bu mövqeyini qorumaq üçün Tehranı ABŞ-a qarşı istifadə etdi. İndi ərəb ölkələri də iqtisadi və hərbi təhlükəsizlik zəmanəti üçün Çin vasitəsilə İranla sövdələşmələrə gedə bilərlər”.

MCP rəsmisi qeyd edib ki, regiondakı yeni geosiyasi mənzərə Bakı və Ankara üçün perspektivlər açır:

“Bu vəziyyətdən ən çox qazanan Azərbaycan və Türkiyədir. Türkiyənin enerji tranziti və logistika imkanları genişlənir, İslam dünyasında nüfuzu artır. Azərbaycanın isə Əli Xameneinin ölümü ilə bağlı göstərdiyi yüksək diplomatik etika, humanitar yardımlar və təxliyə addımları ölkəmizin həm İslam dünyasında, həm də İranla münasibətlərdə mənəvi boşluğu doldurmasına imkan yaratdı. Bakı faktiki olaraq regional maneələri öz aktiv mövqeyi ilə aradan qaldırır”.

Bir cavab yazın

Back to top button