Xəbərlər

ABŞ-İran savaşı bitti: Kim qazandı? – ŞƏRH

“ABŞ prezidenti Donald Trampın İranla razılaşma barədə verdiyi açıqlamalar ziddiyyətlidir və real mətndəki kompensasiya müddəalarını gizlətməyə xidmət edir; bu anlaşmada qazanan tərəf İran, iflas qorxusu yaşayan və yeni müharibə dalğasına hazırlaşan tərəf isə İsraildir”.

Bu barədə ABŞ və İran arasında əldə olunmuş son razılaşmanın pərdəarxası müddəalarını Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Tural İrfan bildirib.

“İrana 300 Milyon Dollar Ödənilməsi İddiası Var, Tramp Bunu İctimaiyyətdən Gizlədir”

Ekspert tərəflərin daxili auditoriyada özlərini məğlub göstərməmək üçün müqavilə şərtlərini inkar etdiklərini diqqətə çatdırıb:

“İranla razılaşma ilə bağlı ABŞ prezidentinin verdiyi açıqlamalar əvvəlki açıqlamalar kimi yenə də ziddiyyətlidir. Razılaşma mətninə görə kompensasiya tərkibində müəyyən olunmuş müddəa var. Lakin prezident Tramp bunu inkar edir. Mövcud proseslərlə bağlı həm İsrail, həm də ABŞ daxilində siyasi dairələrin çaxnaşması müşahidə olunur. İrana 300 milyon dollar ödənilməsi və digər müddəalarla bağlı iddialar dolaşır. Tərəflərin heç biri özünü məğlub göstərmək istəmir. Ona görə də ziyanına qeyd olunan müddəadan ictimaiyyət arasında imtina edirlər. Nəticələr onu göstərir ki, bu razılaşma ziddiyyətlidir və problemin tam həllinə aparmayacaq”.

“Demokratlar Trampı Qınayır: Savaşı ABŞ Başladı, Livan Öhdəliyini İran Bitirdi”

Ağ Evin daxilindəki siyasi rəqabətə və ABŞ-nin İsrail əvəzindən Livanla bağlı təminat verməsinə toxunan MCP rəsmisi prosesin gizli tərəflərini açıqlayıb:

“ABŞ daxilində demokratlar Trampı qınayır. Çünki savaşı ABŞ başladı, lakin İran bitirdi. Bu, bir növ məğlubiyyət kimi qəbul olunur. İran onsuz da savaşdan əvvəl bəyan etmişdi ki, nüvə silahı düzəltmir. İndi də qəbul etdi ki, bəli, düzəltmir. Ümumi mahiyyətinə görə bu anlaşma mətnində qazanan İran tərəfidir. Məqsədinə çatmayan isə əsasən ABŞ-ni müharibəyə təhrik edən İsraildir. Digər tərəfdən, ABŞ Livanla bağlı da öhdəlik götürüb. ABŞ İsrail əvəzindən öhdəlik götürür ki, Livanda atəşkəs olacaq. Lakin İsrail bununla razı deyil və Livanda da Qəzzada törətdiklərini edəcəyini gizlətmir. Netanyahuya qarşı müxalifətin sözünü kəsmək üçün o, bir növ buna özünü borclu hesab edir”.

“ABŞ-İran Münasibətlərinin Qaydaya Düşməsi İsrail Üçün İflasa Bərabərdir”

Politoloq Vaşinqtonla Tel-Əviv arasında ziddiyyətlərin dərinləşdiyini və regionun yeni bir işğal dalğası ilə üz-üzə qaldığını qeyd edib:

“ABŞ-İran münasibətlərinin qaydaya düşməsindən İsrail çox narahatdır. Əgər bu iki dövlət anlaşarsa, razılaşma əldə edib bir daha savaşmazsa, bu, İsrail üçün iflasa bərabərdir. Hələ üstəlik ABŞ liderinin Livanla bağlı İsraili ittiham etdiyi bir ərəfədə bu, gərginliyin daha da artacağını göstərir. İndi iki variant var: ya İsrail və ABŞ arasında ziddiyyət dərinləşəcək, ya da İsrailin yeni hücum və işğal dalğalarından ABŞ özünü məsul bilməyəcək. Ümumiyyətlə, Donald Trampın əksər açıqlamaları çox zaman reallıqdan uzaq, manipulyasiya xarakterli olduğu üçün onunla bağlı analizlər yanlış proqnozlara gətirib çıxarır. Razılaşma mətnində nə varsa, o icra olunmalıdır. Başqa variant odur ki, ABŞ müəyyən müddəaların icrasından imtina edəcək. Bu da növbəti münaqişə deməkdir. Bütün hallarda demək olar ki, mövcud razılaşma mətni problemin ümumi həlli üçün yetərsizdir, ziddiyyətlidir. Bu da onu göstərir ki, İsrail Yaxın Şərqdə yenidən müharibə başlayacaq və razılaşma əhəmiyyətini itirəcək”.

Bir cavab yazın

Back to top button