ABŞ-ın qlobal hədəfi İran deyil, Çindir – ŞƏRH

“İrana hücum ehtimalı ABŞ-ın uzunmüddətli və ciddi hazırlığı ilə qaçılmaz prosesə çevrilmişdi. Şübhəsiz ki, hücum tamamilə İsrailin istəklərinə uyğun və demək olar ki, baş nazir Netanyahunun bütün həyatının, siyasi fəaliyyətinin yekunu, zirvəsi kimi də bitməlidir. İndiki mərhələdə yəhudilərin ABŞ-dan fərqli olaraq məqsədləri qlobal deyil, regional olsa da, nəticə etibarı ilə qlobal nəticə xarakterlidir”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspert qeyd edib ki, bu prosesdə əvvəlcə İranın Yaxın Şərqdəki bütün proksi qüvvələri sıradan çıxarılıb:
“İran əsas provokativ və manipulyasiya və siyasi təsir səhnəsi Suriya, Yəmən və Qəzzadan məhrum edildi. Beynəlxalq arenada siyasi-diplomatik, eləcə də hərbi dəstəkçiləri Venesuela, Rusiya, Çin özlərinin siyasi və iqtisadi çətinlikləri fonunda təsirsiz hala gətirildi. Baxmayaraq ki, Çin hələ də İrana dəstəyini davam etdirir. İranın, daha doğrusu teokratik rejimin Qərb və yəhudi dövləti üçün missiyası və əhəmiyyəti Çin faktoru ilə itdi.”

Politoloqun fikrincə, ABŞ-ın əsas hədəfi Çini iqtisadi və hərbi cəhətdən sıxışdırmaqdır:
“İnkar edilməz faktdır ki, indiki dövrdə ABŞ-ın əsas hədəfi Rusiya, İran, Venesuela deyil, hədəf Çindir. Venesuela, İran, Rusiya bu prosesdə vasitədir. ABŞ artıq dünyanın əsas arteriya tranzit marşrutlarını, eləcə də Çinin əsas və kritik beynəlxalq dəniz ixrac marşrutlarını nəzarətə götürülməsində ciddi nəticələr əldə edib. Çin–ABŞ arasında Tayvan məsələsinin də əsas səbəblərindən biri Çinin Tayvan boğazı ilə Trans-Sakit okean xətti üzrə ən qısa keçid imkanlarıdır.”
Sonda MCP rəsmisi Donald Trampın siyasətində xaotik addımların olmadığını vurğulayıb:
“ABŞ prezidenti Donald Trampın hərəkətlərində xaotik heç bir addım yoxdur, əksinə, ABŞ dövlətinin mərhələli şəkildə həyata keçirdiyi, hətta Co Baydenin qoyduğu “miras” belə Donald Trampın siyasəti ilə polittexnoloji nəticə verməlidir. Oyun hələ bitməyib…”