ABŞ-ın 61 milyard dolları Ukraynaya kömək edəcək? – Ekspert
ABŞ-ın Ukraynaya 61 milyard dollar həcmində hərbi yardımını qanunvericilik səviyəsində təsdiq edilməsi sözsüz ki, Ukraynanın müharibədə Rusiyaya qarşı müqavimətinin güclənməsi üçün vacib olsa da, müharibənin yekun nəticəsinə təsiri çox zəif olacaq. İndiki vəziyyətdə Ukraynanın Rusiyaya qarşı uğurlu hərbi əməliyyatlarını keçirmək üçün, Qərbin hərbi yardımı ilə paralel olaraq ən azı 250 min əsgərin səfərbərliyinə ehtiyacı var. Artıq Ukrayna prezidenti Zelenski dəfələrlə Ukraynanın Rusiyaya qarşı zəif durumda olduğunu açıq səsləndirib, Qərbin bu müharibədə əsl məqsədləri barədə eyham vurub və nəhayət Rusiya ilə danışıqlara hazır olduğunu dilə gətirib. Zelenskinin açıqlamalarından qənaət budur ki, artıq Ukrayna Qərbə arxalanmır.
Bu sözləri Milli Cəbhə Partiyasının (MCP) başqan mmüavini, hüquqşünas Vüqar Dadaşov deyib. O, bildirib ki, Rusiya Ukrayna müharibəsi bütün dünyanın siyasi mənzərəsinə və xüsusən də keçmiş SSRİ respublikalarına əhəmiyyətli dərəcədə təsir edir:
“Ermənistan baş naziri Nikol Paşinyanın qərbyönümlü siyasi kursunda əsas mane kimi Rusiya hədəfə götürülsə də, son dövr Paşinyan hakimiyyətinin Rusiyaya qarşı ritorikasında yumuşalma hiss olunur. Əlbəttə ki, reallıqlar və Rusiyanın mümkün davranışları Ermənistanın Rusiya orbitindən çıxma imkanını sıfıra bərabər edir.
Azərbaycan prezidenti İlham Əliyev Bakının ev sahibliyi etdiyi, bu ilin noyabrın 11-də Bakıda keçiriləcək COP-29 beynəlxalq Konfransda iştirak etməyə Ukrayna prezidenti Zelenskini də dəvət edib. Konfransda Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyini də istisna etmək olmaz.
Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması qərarı, ardınca da Ermənistanın dörd kəndi Azərbaycana qaytarılması və Tavuş-Qazax istiqamətində Ermənistan Azərbaycan sərhəddinin bir hissəsinin müəyyən edilməsi əlbəttə ki, ABŞ, Fransa, İran və ümumən Qərbin planlarına uyğun gəlmir. Cənubi Qafqazda daimi gərginlik, münaqişə ocağının qorunub saxlanılması bir sıra dövlətlərin və o cümlədən Qərbin maraqlarını təmin etməyə imkan verir. Ermənistan baş naziri Paşinyanın Qərbin istək və təhriklərinə baxmayaraq Azərbaycanla razılaşmaya getməsi, sözsüz ki, onun təhrikçi havadarlarına inamsızlığının göstəricisidir. Əlbəttə ki, Paşinyanın son qərarlarına Ukraynadakı müharibənin gedişi və ona edilən hərbi yardımla bağlı problemlər də təsir edib.
Azərbaycan nəinki regional söz sahibi kimi, eləcə beynəlxalq siyasi proseslərə əhəmiyyətli təsir imkanları qazandığından və ən əsası Azərbaycan prezidenti İlham Əliyevin böyük nüfuzu Rusiya və Ukrayna arasında vasitəçi kimi, müharibənin dayandırılması və münasibətlərinin danışıqlar masasında həll etmək imkanı yaradır. Xüsusən də Bakıda keçiriləcək COP-29 beynəlxalq konfransı danışıqlar üçün əlverişli bir vasitə, səbəb kimi, başlanğıc ola bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycana qardaş və müttəfiq Türkiyənin prezidenti Ərdoğanın Rusiya – Ukrayna müharibəsinin əvvəlindən dayandırması üçün çox böyük səylər göstərib və müəyyən nəticələr də əldə edib.
“Qərbin Rusiya qarşı planlarının Ukrayna və Ermənistan üzərindən icrası çətinləşir. Artıq NATO öz mütləqlərinin, xüsusən də Polşanın müdafiəsini düşünür, qüvvə toplayır və hətta nüvə silahının Polşada yerləşdirilməsi də müzakirə olunur. Putin hakimiyyəti dövründə Qərb Rusiya qarşıdurmasından Rusiyanın qalib çıxcağı artıq şübhə doğurmur. Makronun da Ukraynada Rusiyaya qarşı müharibə ilə bağlı aqressiv bəyanat və çıxışlarının səngiməsi vəziyyətin Rusiyanın xeyrinə dəyişdiyinin göstəricisidir hərçənd ki, Fransa prezidentinin çıxışları daha çox populist xarakterli idi. Ancaq Ukrayna müharibəsində Rusiyanın əldə etdiyi hərbi qələbə belə, Rusiyanın gələcək taleyi ilə bağlı acı nəticələr doğuracaq. Bunu isə Qərbin strateji qələbəsi hesab etmək olar” – deyə başqan müavini bildirib.