ABŞ hərbi baxımdan üstün olsa da, Tramp siyasi məğlubdur… – Analitik

“İsveçrədə imzalanması gözlənilən ABŞ-İran sazişi hərbi baxımdan Vaşinqtonun üstünlüyü kimi görünsə də, strateji və diplomatik müstəvidə Donald Tramp hakimiyyətinin növbəti məğlubiyyətidir; prosesin pərdəarxası memarı olan Rusiya isə Trampın nüfuzunu xilas etməyin müqabilində Ukrayna məsələsində siyasi kompensasiya hədəfləyir”.
Bu barədə İyunun 19-da İsveçrədə imzalanması planlaşdırılan ABŞ-nin və İranın yeni nüvə anlaşmasını, regional güclərin prosesdəki rolunu və qlobal güc balansındakı dəyişiklikləri Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Vüqar Dadaşov bildirib.
“İran Hərbi Baxımdan Başsız Qalsa da, Siyasi Müstəvidə Qalib Gəldi”
Ekspert müharibənin gedişatındakı hərbi itkilərlə masadakı diplomatik nəticələrin tamamilə ziddiyyət təşkil etdiyini vurğulayıb:
“İyunun 19-da İsveçrədə imzalanması planlaşdırılan ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilir. Hərçənd ki, sənədin imzalanmasının baş tutacağına da müəyyən narahatlıqlar var. Bu razılaşmanın əsas şərtləri kimi nüvə silahının yayılmasının qarşısının alınması və Hörmüz boğazında azad gəmiçiliyin davam etdirilməsi göstərilir. İranın da sazişi təsdiqlədiyi, BMT Baş katibi Antonio Quterreşin isə belə bir razılaşmanı alqışladığı bildirilir. Lakin bu sazişin İranın, yoxsa ABŞ-nin strateji-hərbi və diplomatik qələbəsi kimi qiymətləndirilməsi ətrafında müxtəlif fikirlər mövcuddur. Əslində isə vəziyyət daha mürəkkəbdir. Şübhəsiz ki, İran bu qarşıdurmada ağır hərbi, humanitar və inzibati infrastruktur itkiləri ilə üzləşib. Müharibənin ilk günündə İranın 50-dən çox yüksək vəzifəli şəxsinin öldürülməsi və ölkənin faktiki olaraq idarəetmə baxımından başsız qalması İranın hərbi məğlubiyyətinin danılmaz göstəricisidir”.
“Bu Saziş, Trampın 2018-ci İldə Verdiyi Yanlış Qərarın Etirafıdır”
Analitik Trampın ilk prezidentlik dönəmində atdığı addımların Ağ Ev üçün bumeranq effektini yaratdığını diqqətə çatdırıb:
“Bu hərbi məğlubiyyət fonunda ABŞ-nin qələbə qazandığını söyləmək birmənalı deyil. Çünki ABŞ Prezidenti Donald Tramp məhz ilk prezidentliyi dövründə İranla nüvə sazişindən çıxmışdı. Həmin qərarın nəticəsində İran öz nüvə proqramını daha sürətlə inkişaf etdirməyə başlamışdı. Bu baxımdan, bu gün əldə olunduğu bildirilən saziş əslində Donald Trampın ilk prezidentlik dövründə verdiyi yanlış qərarın (08.05.2018-ci il (JCPOA) doğurduğu nəticələrin etirafı kimi də qiymətləndirilə bilər. Əgər əvvəlki nüvə sazişində İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında daha geniş və əhatəli öhdəliklər mövcud idisə, yeni razılaşmanın həmin şərtlərlə müqayisədə daha zəif olduğu və İranın maraqlarına daha uyğun formalaşdığı göz qabağındadır”.
“Müharibədə Ən Çox Udan Tərəf İsrail və Rusiya Oldu”
Sazişin və regional müharibənin digər qlobal oyunçulara təsirini analiz edən MCP rəsmisi, ABŞ-nin Yaxın Şərqdəki hegemonluq mövqeyini itirdiyini bildirib:
“Əlbəttə ki, ABŞ İranla bu müharibədən iqtisadi gəlirlərlə yanaşı, həm də Çinə qarşı müəyyən uğur əldə etdi. Pekinin artıq iqtisadi inkişaf tempi nəzərəçarpacaq dərəcədə azalıb, bu faktı isə idxal etdiyi neft və qaz həcminin azalması sübut edir. Yeri gəlmişkən, bu müharibədə ən çox udan tərəf İsrail və Rusiya oldu. Ancaq ABŞ hərbi baxımdan üstünlük əldə etsə də, Donald Tramp hakimiyyətinin İran qarşısında siyasi və strateji məğlubiyyəti daha aydın görünür. Artıq ABŞ Yaxın Şərqin, ərəb dünyasının hegemonu deyil, İran ABŞ-yə müqaviməti ilə Körfəz ölkələri üzərində ‘leverage’ (təsir və təzyiq imkanı) qazandı”.

“Rusiya Trampın Nüfuzunu Xilas Etdi: Kompensasiya Ukrayna Ola Bilər”
Şərhçi Kremlin bu prosesdəki vasitəçilik missiyasının arxasında duran əsas məqsədin Ukrayna cəbhəsi ilə bağlı olduğunu, lakin reallığın fərqli şəkildə inkişaf etdiyini iddia edib:
“Razılaşmaya gəldikdə isə, Pakistanın vasitəçilik rolu böyükdür. Lakin analizlər göstərir ki, İranla ABŞ arasında anlaşmanın əldə olunmasında Rusiyanın, prezident Vladimir Putinin mühüm rolu olub. Razılaşmadan dərhal sonra Donald Trampın Vladimir Putinlə telefon danışığı aparması, daha sonra isə ABŞ və Rusiya nümayəndələri arasında Moskvada yeni görüşlərin planlaşdırılması bu ehtimalları gücləndirir. Son dövrlərdə Rusiya-Ukrayna müharibəsində ABŞ-nin və xüsusilə Trampın proseslərə təsir imkanlarının azalması, Ukraynanın hərbi sənayesinin nəzərəçarpacaq dərəcədə güclənməsi Rusiyanı mürəkkəb vəziyyətlə üz-üzə qoyub. Bu fonda belə bir fikir də səslənir ki, İran məsələsində Trampın nüfuzuna ağır siyasi zərbə dəyməsinin qarşısını alan əsas amillərdən biri məhz Rusiyanın pərdəarxası vasitəçiliyi olub. Demək, gələcəkdə Kremlin bunun müqabilində ABŞ-dən müəyyən siyasi kompensasiya gözləməsi istisna deyil. Və təbii ki, əsas istiqamət Ukrayna məsələsi ola bilər. Lakin mövcud geosiyasi vəziyyət, Ukraynanın müstəqil hərbi imkanlarının güclənməsi onu göstərir ki, artıq Ukrayna ilə bağlı proseslər Trampın birbaşa təsir imkanlarından kənara çıxır”.