ABŞ-Ermənistan hərbi təlimləri bölgədə kimə qarşı çevrilib?..
Məhəmməd Əsədullazadə: “İndiki dönəmdə ABŞ-ın məlum addımları çox təhlükəlidir və sülhə xidmət etmir”
Məlum olduğu kimi, ABŞ-Ermənistan təlimləri başlayıb. Belə ki, 10 gün davam edəcək təlimlər İrəvanın Vazgen Sarkisyan adına Hərbi Akademiyanın ərazisində keçirilir. İyulun 15-24-də keçirilən təlimlərdə Ermənistanın sülhməramlı briqadasının əsgərləri, ABŞ-ın Avropa və Afrikadakı qüvvələri, habelə Kanzas ştatının Milli Qvardiyası iştirak edir.
Təlimlər zamanı xəyali münaqişə zonasında “stabilləşdirmə hərəkətləri” ilə müşayiət olunan sülhməramlı əməliyyat məşq ediləcək. Ötən ilin sentyabrında ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi İrəvan yaxınlığında buna bənzər iki birgə təlim keçirmişdilər. Tərəflər hazırkı təlimlərdə iştirak edən hərbçilərin sayını açıqlamırlar.
Maraqlıdır, ABŞ-Ermınistan hərbi təlimləri bölgədə kimə və nəyə qarşıdır? ABŞ bir tərəfdın sülh sazişini təşviq etdiyini deyir, o biri tərəfdən Ermənistanı və revanşistləri hərbi cəhətdən gücləndirən addımlar atır. O baxımdan bu nə deməkdir?
“Vaşinqton Cənubi Qafqazda Ermənistanı Rusiyaya qarşı bir platsdarıma çevirir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşıb:
“Birləşmiş Ştatlar ikinci dəfədir ki, Ermənistanda hərbi təlimlər keçirir. Sözügedən təlimlər Rusiyaya qarşı yönəlib. ABŞ Cənubi Qafqazda Ermənistanı Rusiyaya qarşı bir platsdarıma çevirir. Həm də İrana qarşıdır bu təlimlər. Təbii ki, Ermənistanla Azərbaycan arasında sülh yoxdur, bu ölkə öz Konstitusiyasına dəyişiklik etməyib. Bu da oradakı revanşistlərə ümid verir. Xususən də ABŞ-la birgə hərbi təlimlər revanşistləri daha çox həvəsləndirir. ABŞ və Fransadan alınan silahlar erməni terror birləşmələrinin əlinə keçə bilər. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıbsa, ABŞ-la keçirilən təlimlər sülhə qarşıdır. Bu, həm də Birləşmiş Ştatların sülh çağrışlarına kölgə salır. Vaşinqton sülhdə maraqlıdırsa, belə bir prosesdən əl çəkməlidir. Əlbəttə, burada geopolitik maraqlar da var və ABŞ bundan Rusiyaya qarşı istifadə edir. Ermənistandan Rusiya hərbi bazalarını çıxarmağa çalışır. Ancaq bütün bunlarla paralel olaraq Ermənistanda Azərbaycana qarşı işğal ideyaları yaranır. Yəni revanşizmi, düşmənçiliyi körükləyir. Ona görə də indiki dönəmdə ABŞ-ın məlum addımları çox təhlükəlidir və sülhə xidmət etmir”.