Xəbərlər

ABŞ artıq dünyanın hegemonu deyi… – Şərhçi

“İyunun 19-da İsveçrədə imzalanması gözlənilən ABŞ-İran sazişi hərbi baxımdan Vaşinqtonun üstünlüyü kimi görünsə də, reallıqda Donald Trampın siyasi və strateji məğlubiyyətidir; Ağ Evə bu prosesdə nüfuz zərbəsindən qaçmaq üçün pərdəarxası kömək edən Kreml isə müqabilində Ukrayna məsələsində siyasi kompensasiya gözləyir”.

Bu barədə ABŞ və İran arasında əldə olunduğu bildirilən yeni razılaşmanın gizli qatlarını, Tramp administrasiyasının Yaxın Şərqdəki hegemonluq itkisini və qlobal güclərin maraq toqquşmasını Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib.

İran Ağır İtkilər Versə də, ABŞ-nin Qələbəsi Birmənalı Deyil

Politoloq qeyd edib ki, İsveçrədə imzalanması planlaşdırılan və nüvə silahının yayılmasının qarşısının alınmasını, Hörmüz boğazında azad gəmiçiliyi nəzərdə tutan saziş ətrafında vəziyyət olduqca mürəkkəbdir:

“Şübhəsiz ki, İran bu qarşıdurmada ağır hərbi, humanitar və inzibati infrastruktur itkiləri ilə üzləşib. Müharibənin ilk günündə İranın 50-dən çox yüksək vəzifəli şəxsinin öldürülməsi və ölkənin faktiki olaraq başsız qalması İranın hərbi məğlubiyyətinin danılmaz göstəricisidir. Ancaq bu hərbi məğlubiyyət fonunda ABŞ-ın qələbə qazandığını söyləmək də birmənalı deyil. Çünki ABŞ Prezidenti Donald Tramp məhz ilk prezidentliyi dövründə — 8 may 2018-ci ildə İranla nüvə sazişindən (JCPOA) çıxmışdı. Həmin yanlış qərarın nəticəsində İran öz nüvə proqramını daha sürətlə inkişaf etdirməyə başlamışdı”.

“Yeni Saziş Trampın İlk Prezidentlik Dövründəki Yanlış Qərarının Etirafıdır”

Ekspert vurğulayıb ki, hazırkı şərtlər əvvəlki nüvə müqaviləsi ilə müqayisədə Vaşinqtonun mövqelərinin zəiflədiyini göstərir:

“Bu gün əldə olunduğu bildirilən saziş əslində Donald Trampın ilk prezidentlik dövründə verdiyi yanlış qərarın doğurduğu nəticələrin etirafı kimi də qiymətləndirilə bilər. Əgər əvvəlki nüvə sazişində İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında daha geniş və əhatəli öhdəliklər mövcud idisə, yeni razılaşmanın həmin şərtlərlə müqayisədə daha zəif olduğu və İranın maraqlarına daha uygun formalaşdığı göz qabağındadır. ABŞ hərbi baxımdan üstünlük əldə etsə də, Tramp hakimiyyətinin İran qarşısında siyasi və strateji məğlubiyyəti daha aydın görünür. Artıq ABŞ Yaxın Şərqin, ərəb dünyasının hegemonu deyil. İran ABŞ-a müqaviməti ilə Körfəz ölkələri üzərində “leverage” (təsir və təzyiq imkanı) qazandı”.

Müharibənin Ən Çox Udanları və Kremlin Pərdəarxası Vasitəçiliyi

MCP rəsmisi bu geosiyasi prosesdən ən çox dividend qazanan ölkələrin adlarını çəkərək, Rusiya faktoruna diqqət çəkib:

“ABŞ bu müharibədən iqtisadi gəlirlərlə yanaşı, həm də Çinə qarşı müəyyən uğur əldə etdi, Pekinin iqtisadi inkişaf tempi, idxal etdiyi neft və qaz həcmi azaldı. Lakin bu müharibədə ən çox udan tərəf İsrail və Rusiya oldu. Razılaşmada Pakistanın da vasitəçilik rolu var, lakin analizlər göstərir ki, anlaşmanın əldə olunmasında əsas rolu Rusiya və prezident Vladimir Putin oynayıb. Razılaşmadan dərhal sonra Trampın Putinlə telefon danışığı aparması, ardınca ABŞ və Rusiya nümayəndələrinin Moskva görüşlərini planlaşdırması bu ehtimalı gücləndirir. İran məsələsində Trampın nüfuzuna ağır siyasi zərbə dəyməsinin qarşısını alan əsas amil məhz Rusiyanın pərdəarxası vasitəçiliyi olub”.

Kremlin Kompensasiya Gözləntisi və Ukraynanın Güclənən Hərbi Sənayesi

Analitik Moskvanın bu dəstək müqabilində Vaşinqtondan istəyəcəyi güzəşt sahəsini və mövcud maneələri açıqlayıb:

“Kremlin bunun müqabilində ABŞ-dan müəyyən siyasi kompensasiya gözləməsi istisna deyil və təbii ki, əsas istiqamət Ukrayna məsələsi ola bilər. Son dövrlərdə Rusiya–Ukrayna müharibəsində ABŞ-ın və xüsusilə Trampın proseslərə təsir imkanlarının azalması, Ukraynanın hərbi sənayesinin nəzərəçarpacaq dərəcədə güclənməsi Rusiyanı mürəkkəb vəziyyətlə üz-üzə qoyub. Lakin mövcud geosiyasi vəziyyət, Ukraynanın müstəqil hərbi imkanlarının güclənməsi onu göstərir ki, artıq Ukrayna ilə bağlı proseslər Trampın birbaşa təsir imkanlarından tamamilə kənara çıxır”.

Bir cavab yazın

Back to top button