“Şəhidlərimizin qanı, xalqımızın sarsılmaz birliyi…” – Deputat

“Kəlbəcərin işğaldan azad olunması Azərbaycan dövlətinin və ordusunun tarixi zəfərlərindən biridir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
“Bu torpaqların azadlığı həm şəhidlərimizin qanı, həm də xalqımızın sarsılmaz birliyi hesabına mümkün oldu. Kəlbəcər Şəhəri Günü təkcə bir rayonun deyil, bütün Azərbaycanın qürur günüdür. Biz bu gün böyük sevgi və ehtiramla həm qəhrəman əsgərlərimizi yad edirik, həm də ölkəmizin güclü və qalib iradəsini bir daha dünyaya nümayiş etdiririk”, – MCP başqanı əlavə edib.
Millət vəkili qeyd edib ki, Kəlbəcərin dirçəlişi, bərpası və əvvəlkindən daha gözəl bir məkana çevrilməsi dövlətimizin prioritetidir.
“Biz də MCP olaraq bu prosesi dəstəkləyir, vətəndaşlarımızın doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışını ən böyük milli məqsədlərdən biri hesab edirik.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qarabağ və Şərqi Zəngəzur artıq həmişəlik Azərbaycanındır”, – deputat deyib.
