Xəbərlər

“9 may atəşkəsi” maksimum 24 saat çəkə bilər… – Ekspert

9 may – Qələbə Günü ilə bağlı tərəflər arasında qısamüddətli atəşkəs ehtimalı istisna deyil, lakin bu addım daha çox simvolik xarakter daşıya bilər. ABŞ və Rusiya prezidentlərinin telefon danışığında bu istiqamətdə razılığın əldə olunması gözlənilir. Amma bu atəşkəs uzunmüddətli olmayacaq, çünki Rusiya müharibəni davam etdirməkdə qərarlıdır.

Bu proqnozları Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Sosdem.az-a açıqlamasında Rusiya-Ukrayna cəbhəsindəki son vəziyyəti və 9 may ərəfəsində gözlənilən diplomatik gedişləri şərh edərkən deyib.

Siyasi şərhçi bildirib ki, hazırda tərəflər arasında keçirilən görüşlərdə ciddi irəliləyiş yoxdur və müharibə faktiki olaraq dalana dirənib:

“Atəşkəsin maksimum 24 saat davam etməsi mümkündür. Daha sonra Rusiya hücumlarını yenidən bərpa edəcək. Xüsusilə Ukraynanın şərqində yerləşən Donbas istiqamətində vəziyyət gərgin olaraq qalır və tərəflər ciddi itkilər verir. Bundan əvvəl də bayram günlərində qısamüddətli atəşkəs elan edilsə də, bu, uzunmüddətli sülhə gətirib çıxarmayıb”.

MCP rəsmisi Ukraynanın sülhə meyilli olduğunu, lakin bunun üçün Moskva ilə etimad mühitinin vacibliyini vurğulayıb:

“Ukrayna tərəfi daim atəşkəsin tərəfdarı olduğunu bildirir. Çünki atəşkəsin təmin olunması danışıqlar prosesində müsbət irəliləyişlərə gətirib çıxara bilər. Əgər atəşkəs 10 gün davam etsəydi, bu, Moskva ilə Kiyev arasında müəyyən etimad mühitinin yaranmasına səbəb olardı. Lakin 9 may ərəfəsindəki bu ehtimal daha çox simvolik xarakter daşıyır və real sülh üçün kifayət deyil”.

Bir cavab yazın

Back to top button