Fantastik qəbir qiymətləri – Dünşünas: Qanunla pulsuzdur…

Son günlər yenə də paytaxtda qəbir yerlərinin fantastik qiymətləri gündəmə gəlib. Deputat Ceyhun Məmmədov mediaya açıqlamasında deyib ki, bəzi ərazilələrdə bir neçə metrlik qəbir yerinin qiyməti 50-100 minə qədərdir.
Sosdem.az-a xəbər verir ki, Milli Cəbhə Partiyasınnın sədr müavini, dinşünas Tural İrfan isə bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, əslində ölkədə qəbir yerləri pulsuzdur.
“Bu məsələdən qaynaqlanan digər məsələlərin həlli bələdiyyələrə aiddir. Dəfn işləri ilə əlaqədar təklif edilən xidmətlərin müəyyən məbləğdə qarşılığı nəzərdə tutulur. Qəbir yerlərinin satılması, yaxud baha qiymətə olması kimi hallar, əsasən, bələdiyyələrə və onların sahəsinə aiddir.
Araşdırmalar göstərir ki, qəbir yerləri bəzən çox baha qiymətə satılır. Bunun da müxtəlif səbəbləri var. Təbii ki, bələdiyyələrin iştirakı olmadan heç kəs qəbir yeri sata bilməz. Bəzən də müəyyən işbazlar, dəllallar müəyyən torpaq sahəsi əldə edərək onu satırlar. İnsanların bununla bağlı narazılıqları mütəmadi şəkildə qeyd edilir. Yaxşı olar ki, bu halların daha şəffaf tənzimlənməsi üçün nəzarət ciddiləşdirilsin”.

İlahiyyatçı qeyd edib ki, bələdiyyələr, əsasən, qeydiyyatsız yaşayan sakinlərə bu yerləri pulla verirlər:
“Bəhanə bu olur ki, harada qeydiyyatdasansa, orada dəfn olunmalısan. Sənədsiz evlərin çoxluğuna görə də əksər vətəndaşlar yaşadıqları yerdə daimi, yaxud müvəqqəti qeydiyyatda olmurlar. Yəni bu problemin bir neçə yöndən həllinə böyük ehtiyac var. Bəzən də imkanlı şəxslər, yaxud məmurlar nüfuzundan istifadə edərək, qəbiristanlıqlarda pulla böyük əraziləri alırlar. Beləcə yerlər azalır, digərlərinə təklif etməyə yer qalmır, yaxud yenə pulla satılır. Qəbiristanlıqların idarə edilməsində islahatlara ehtiyac var. Standart qəbir daşları, qəbir yerləri məsələsinə təzədən baxılmalıdır”.