“400-500 manatla ailə saxlamaq çətindir” – Deputat

“Azərbaycanda 400-500 manatla ailə saxlamaq həddindən artıq çətindir. Bu rəqəmlər kağız üzərində, bəlkə, yaşayış minimumuna uyğun görünə bilər, amma real həyatda kirayəyə, kommunal ödənişlərinə, ərzağa, dərmana ehtiyacı olan bir ailə bununla necə yaşasın? İnsanların narazılığını başa düşürəm və bunu gizlətməyə, yumşaltmağa ehtiyac da yoxdur”.
Sosdem.az xəbər verir ki, bu sözləri Pravda.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, deputatların maaşı ilə bağlı səslənən fikirlər də emosional və bəzən sərt səslənir, amma burada sual maaşın kimdə çox, kimdə az olmasında yox, ölkədə sosial ədalətin gücləndirilməsindədir.
“Çünki əgər ölkənin vətəndaşı çətinlik çəkirsə, heç kim özünü rahat hiss etməməlidir. Bu gün ölkə rəhbərliyinin, o cümlədən hər bir vicdanlı, məhz vicdanlı məmurun da bunun fərqində olduğunu bilirəm. Dəfələrlə parlamentdə minimum əməkhaqqının yüksəldilməsinin zəruri olduğu danışılıb. İnsanların yaşayışı yaxşılaşmalıdır ki, həm öz ailəsinə baxa bilsinlər, həm də ölkəsinə töhfə versinlər. Maaşın insanı yalnız yaşatması yox, həm də gələcəyə ümid verməsi vacibdir”, – MCP başqanı deyib.

Deputat vurğulayıb ki, əgər bu gün cəmiyyətdə narazılıq varsa, onu eşitmək və dinləmək lazımdır.
“Mən xalqın içində olan adamam və hər dəfə bölgələrə gedəndə, insanlarla görüşəndə bu problemi birbaşa eşidirəm. Buna görə də hesab edirəm ki, hökumət sosial siyasətin gücləndirilməsinə davam etməli, minimum əməkhaqqı mərhələli şəkildə artırılmalıdır. Bununla bərabər sosial paketlərin həcmi və miqdarı da gərək artırılsın. Cəmiyyətin səsini eşitmək bizim borcumuzdur. İnsan daha yaxşı yaşamalıdır”, – Razi Nurullayev əlavə edib.