Xəbərlər

28 May Şərqdə demokratiyanın təməl daşıdır… – MCP başqanı

“1918-ci il mayın 28-də Azərbaycan xalqı Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını yaradaraq öz müstəqillik əzmini dünyaya nümayiş etdirdi. İmzalanan İstiqlal Bəyannaməsi xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini bərqərar etməklə yanaşı, həm də milli kimlik şüurunu özünə qaytardı”.

Sosdem.az xəbər verir ki, bunu 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ünvanlanan bayram təbrikində Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili qeyd edib ki, cəmi 23 ay mövcud olmuş Şərqin ilk respublikası insan bərabərliyi prinsipləri, milli ordunun qurulması və vətəndaşlıq institutunun təsisi ilə tariximizin ən parlaq səhifəsini yazıb:

“1991-ci ildə qəbul edilən Konstitusiya Aktı ilə müasir Azərbaycanın məhz bu şərəfli Cümhuriyyətin tamhüquqlu varisi olduğu hüquqi olaraq təsbit edilib. Bu gün Müstəqillik Günü ölkəmizdə tam fərqli bir coşqu və qürurla qeyd olunur. Çünki keçmişdən əmanət qalan üçrəngli dövlət bayrağımız artıq işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda – Qarabağda və Şərqi Zəngəzurda əbədi olaraq dalğalanır”.

MCP başqanı vurğulayıb ki, ərazi bütövlüyünü tam bərpa etmiş müasir Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini sarsılmaz edib, həm də hər bir vətəndaşın qürur mənbəyinə çevrilib:

“Bu müqəddəs bayram günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz olmasını arzulayıram! Yaşasın müstəqil və güclü Azərbaycan!”.

Bir cavab yazın

Back to top button