23 saata ləğv edilən 100 illik erməni separatizmi – Vüqar Dadaşov YAZIR

19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb və bir neçə saat ərzində darmadağın edilən Ermənistan ordusunu xilas etmək üçün beynəlxalq təşkilatlar, dövlətlər əlayağa düşdülər.
Lokal antiterror tədbirlərinin başlandığı ilk saatlarında ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.
Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib.
ABŞ Dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.
Azərbaycan lokal antiterror tədbirlərinə başlayandan demək olar ki, dərhal sonra Ermənistan baş naziri Nikol Paşinyan “Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil”- deyə çıxış etdi. Həmçinin Paşinyan “Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Biz indiki vaxtda tələsik addım atmayacağıq”, – o qeyd edib.
Paşinyanın bu bəyanatı Ermənistanda etirazlara səbəb oldu. Etirazların dövlət çevrilişinə gətirə biləcəyi ehtimalı çox idi, hərçənd ki, hələ də “çevriliş” təhlükəsi qalmaqdadır. Ermənistanda proseslərdə xüsusən Rusiyanın maraqlı olması aydın görünür. O da görünürdü ki, Rusiya etirazların koordinasiyasına istənilən səviyyədə müdaxilə edə bilmir. Etirazlar fonunda Ermənistanın “Hraparak” qəzetinin verdiyi məlumata əsasən Ermənistanın baş naziri Nikol Paşinyan istefaya getməyəcəyini bildirib.
Son zamanlar Rusiya prezidenti Vladimir Putinlə əlaqəni kəsməsi və tam olaraq avrointeqrasiya xəttini seçmiş Ermənistan baş naziri Nikol Paşinyan 20 sentyabrda məcburən Putinə zəng edir. Əlbəttə ki, Paşinyanı o qədərdə Qarabağdakı vəziyyət yox, etirazlar dalğasında hakimiyyətinə təhlükə narahat edib. Baxmayaraq ki, rəsmi açıqlamalara görə Paşinyanla Putin arasında danışıqlarda Qarabağdakı vəziyyət müzakirə edilib. Yeri gəlmişkən 21 sentyabrda Azərbaycan prezidenti İlham Əliyevlə Vladimir Putin arasında da telefon danışığı baş tutub.
Antiterror tədbirin başlanmasından əmi 23 saat ərzində Azərbaycan Ordusunun yüksək peşəkalıqla həyata keçirdiyi ildırım sürətli tədbirləri separatçı rejimimi təslim olmağa məcbur etdi.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Heç sözsüz ki, qısa müddət ərzində, sentyabr ayının 21-də Qarabağda yaşayan erməni əslili sakinlərin nümayəndələri
tələb olunan kimi Yevlax şəhərinə gələrək və 4 saat çəkən müzakirələrdə 20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərinin dayandırılması barədə razılığın şərtlərinin icrası, reinteqrasiya tədbirləri və mexanizmləri barədə Azərbaycanın tələbləri qarşı tərəfə bildirilib. Əminliklə demək olar ki, hər bir mərhələnin icrası konkret zaman müddəti daxilində həyata keçiriləcək.
“Hraparak”ın yazdığına görə, Yevlaxa gələn nümayəndə heyətinin tərkibindəki şəxslərdən biri “artsax demokratik partiyası” fraksiyasının rəhbəri Davit Melkumyandır. Digər 2-ci şəxs isə xunta rejiminin qondarma “təhlükəsizlik şurası katibinin müavini” Sergey Martirosyandır.
Yeri gəlmişkən sözü gedən razılığın əldə olunması və Yevlaxda keçirilən görüşdən sonra sentyabrın 21-də keçən Fransanın təşəbbüsü və canfəşanlığı ilə BMT Təhlükəsizlik Şurasında Qarabağda Azərbaycanın keçirdiyi “lokal antiterror tədbirləri” bağlı iclas keçirildi. Bəzi ölkələrin istəyinə baxmayaraq Azərbaycana qarşı heç bir qərar, yaxud qətnamə qəbul edilmədi. Həmişəki kimi, Fransa başda olmaqla Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etdi.
Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. İclasda Ermənistan XİN-nin başçısı Ararat Mirzoyan da çıxış edərək yalan və əsasız ittihamlar irəli sürərək Azərbaycanı etnik təmizləməyə ittiham etdi. Hərçənd ki, Ermənistan baş naziri Nikol Paşinyan elə həmin gündə canlı efirdə: “Qarabağın mülki əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir” – deyə etiraf etdi. İclasda Azərbaycan XİN başçısı Ceyhun Bayramov Ararat Mirzoyanı tutarlı sübutlarla cavab verib və digər dövlətlərin nümayəndələrini Azərbaycanın haqlı mövqeyi və ədalətli davranışları barədə ətraflı məlumat verib.
O ki, qaldı “Lokal antiterror tədbirləri”nə, əlbəttə ki, Azərbaycanın belə bir formulirovkanı işlətməsi ona işarədir ki, antiterror əməliyatların müxtəlif istiqamətlərdə və müxtəlif zamanlarda da təkrar aparıla bilər. Qarabağda Ermənistan silahlılarının və separatçı rejimin təslim olması ancaq o halda qəbul edilə bilər ki, qarşı tərəf öhdəliyin qısa zaman müddətində tam icra etmiş olsun…
Vüqar Dadaşov – Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi
