20 yaşlı tələbəyə qraffitiyə görə 4 aylıq həbs nə hüquqa, nə ədalətə sığır… – Deputat

20 yaşlı gəncin bir səhvinə görə həyatını qaranlığa sürükləmək nə hüquqi məntiqə, nə də ədalətə sığır. Qanun emosiyaya yox, prinsiplərə əsaslanmalıdır...
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev ADA Universitetinin tələbəsi Ardeshir Seyfpourun Nizami Kino Mərkəzinin divarına qraffiti çəkdiyi üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsinə etiraz edərkən deyib.
Cəmiyyətdəki artan amansızlığı, sosial şəbəkə aqressiyasının hüquqi qərarlara təsirini və gənclərə qarşı tətbiq edilən qeyri-proporsional cəza sistemini kəskin tənqid edən millət vəkili, daxili işlər orqanlarının operativliyini təqdir etsə də, məhkəmənin qərarını ədalətsiz adlandırıb:
“Bəli, edilən hərəkət yanlışdır, heç kim xuliqanlığı müdafiə etmir. Amma törədilən əməl ilə verilən cəza arasında ciddi uyğunsuzluq var. 20 yaşlı gənclərdən biz nə gözləyirik? Onlar həyatın ən emosional dövründədirlər. Məhkəmənin 4 aylıq həbs qətimkan tədbiri seçməsi ədalət hissinə uyğun deyil. Təhlükəli olan budur ki, ictimai qınaq artıq hüquqi qərarların üzərinə çıxır. Sosial şəbəkədəki aqressiya dalğası sərt cəzalar tələb edir və bu təzyiq qərarlara təsir edir”.

Deputat cəmiyyəti mərhəmətli olmağa və gənclərin gələcəyini məhv etməməyə çağırıb:
“Niyə bu qədər amansızlaşmışıq? Sizin 20 yaşlı övladlarınız yoxdur? Onlar hər zaman ideal davranır? ‘Abidədir, bilməli idi’ arqumenti real deyil. Hər bir gənc hər tikilinin hüquqi statusunu bilmək məcburiyyətində deyil. Yanaşma maarifləndirici və tərbiyəvi olmalıdır, həyat məhv edən yox. Cərimə et, ictimai işlərə cəlb et, ziyanı ödətdir – bu, həm hüquqi, həm də tərbiyəvi baxımdan düzgün yoldur”.
MCP başqanı tələbənin təhsil hüququnun qorunmasının vacibliyini vurğulayıb:
“İndi zəhmət çəkin, sərt cəza tələb etdiyiniz kimi, tələb edin ki, o gənc tələbə haqqında həbs qətimkan tədbiri dəyişdirilsin və ADA Universitetindən qovulmasın. Eşitdiyimə görə qovmaq istəyirlər. Bilin ki, sosial şəbəkələrdə yaratdığınız aqressiya bu qərarın alınmasında əsas rol oynayır. Ədalət yalnız cəza ilə yox, həm də insanlıq və anlayışla qorunur. Belə davam etmək olmaz”.