Vətəndaş qazana bilmir, kooperativləşmə mütləqdir… – Deputat

“Kənd təsərrüfatını nizamlamaq lazımdır. Demək ki, artıq müəyyən bir kooperativlərdə birləşməli, aqrolarda birləşməli vətəndaşlar. Torpaqlarını birləşdirməlidir ki, gəlin eləyək 50 hektar pambıq əkək, bu hissələrdə pomidor əkək, bu hissələrdə bilmirəm meyvə bağı salaq. Buna getməlidir və Kənd Təsərrüfatı Nazirliyi də bunu qəbul edir.”
Bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Sosdem.az-a açıqlamasında kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılması və fermerlərin rifahının yüksəldilməsi yollarını şərh edərkən deyib.
Millət vəkili bildirib ki, kiçik pay torpaqlarının parçalanmış halda qalması həm vətəndaşa, həm də dövlət iqtisadiyyatına ciddi ziyan vurur:
“Amma hələ ki, vətəndaşların pay torpaqları, vətəndaşlar da bu məsələdə hələ ki öz-özünə maraq göstərmir. Amma burada müəyyən inzibati tədbirlərdən istifadə etmək lazımdır ki, vətəndaş ziyana düşməsin. Vətəndaş torpağını saxlayıb 2 hektar, 3 hektar verir kiməsə icarəyə, nə pul qazanır ordan? Vətəndaşa onu başa salmaq lazımdır ki, sən bu torpağını kooperativə versən, bu cür birləşsəniz bir kooperativdə, sən indi qazanırdın 100 manat, qazanacaqsan 500 manat. Əgər vətəndaş buna inansa, əlbəttə ki, bu proses sürətlənəcək”.
Deputatın sözlərinə görə, torpaqların birləşdirilməsi həm də texnikadan və suvarma sistemlərindən daha səmərəli istifadəyə, planlı əkinçiliyə imkan verəcək ki, bu da kəndlinin gəlirini bir neçə dəfə artıra bilər.
