Xəbərlər

170 milyonluq zərərin cavabını kim verəcək? – Deputat

“Hesablama Palatasının 2025-ci il hesabatı göstərir ki, problemlər var və sistemli şəkildə həllini gözləyir. 6.7 milyard manatlıq vəsaitin audit olunması fonunda yüz milyonlarla manatlıq pozuntu, maliyyə təhrifləri və səmərəsiz xərclərin aşkarlanması onu deməyə əsas verir ki, dövlət maliyyəsinin idarə olunmasında olan boşluqlarla ciddi mübarizəni daha da gücləndirməliyik.”

Sosdem.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Hesablama Palatasının Milli Məclisdəki illik hesabatı ətrafındakı müzakirələri zamanı deyib.

Millət vəkili dövlət vəsaitlərinin idarə olunmasında aşkar edilən rəqəmlərin ciddi həyəcan siqnalı olduğunu vurğulayıb:

“414,4 milyon manatlıq uyğunluq pozuntuları, 626,3 milyon manatlıq maliyyə təhrifləri və 342,9 milyon manatlıq səmərəsiz xərclər əslində ciddi bir mənzərədir. Hesablama Palatasına bu sistemli işi üçün təşəkkür edirəm, lakin narahatedici məqam odur ki, 170,4 milyon manat birbaşa büdcəyə zərərdir. Bu, konkret məsuliyyət doğuran haldır.”

MCP başqanı çıxışında əsas diqqəti hesabatlılığın hüquqi nəticələrinə yönəldib:

“Ciddi bir sual var: bu rəqəmlərə görə cavabı kim verəcək? Hesabatlarda rəqəmlər var, amma konkret məsul şəxslərin adları və real hüquqi nəticələr cəmiyyətə açıq şəkildə təqdim olunmur. Mən çox yaxşı başa düşürəm ki, Bakı da bir günə tikilməyib, zamanla hər şey düzələcək. 40,2 milyon manatlıq materialın hüquq-mühafizə orqanlarına göndərilməsi müsbət addımdır, lakin biz mərhələli şəkildə irəliyə doğru daha cəsarətli addımlar atmalıyıq.”

Deputat sosial ödənişlərlə bağlı məqama da toxunaraq vətəndaşların maraqlarının qorunmasının vacibliyini qeyd edib:

“28,7 milyon manatlıq sosial ödənişlərlə bağlı vəziyyət xüsusilə narahatlıq doğurur. Vəsaitlərin bərpası əvəzinə ödənişlərin dayandırılması qərarı sosial baxımdan mübahisəlidir. Burada sanki məmur səhvinin nəticəsi vətəndaşın üzərinə qoyulur. Dövlət vəsaitlərinin idarə olunmasında şəffaflıq, real hesabatlılıq və fərdi məsuliyyət mexanizmini elə gücləndirməliyik ki, bu rəqəmlər növbəti illərdə təkrarlanmasın. Milyonlarla manatlıq pozuntuların sadəcə statistika olaraq qalmasını heç birimiz istəmərik.”

Bir cavab yazın

Back to top button