MTK “fırıldağı”: “Vətəndaşlar aldadılır!” – Deputatdan ETİRAZ

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Azərbaycanda mənzil tikintisi sektorunda yaşanan ciddi problemləri və vətəndaşların üzləşdiyi çətinlikləri kəskin tənqid edib.
Deputat yarımçıq qalan binaların bir çox ailənin faciəsinə çevrildiyini bildirərək, bu vəziyyətin birbaşa məsuliyyətsizlikdən qaynaqlandığını vurğulayıb:
“Yarımçıq qalan tikililər ya MTK-ların məsuliyyətsizliyi, ya maliyyə çatışmazlığı, ya da birbaşa rəhbərliyin intizamsızlığı səbəbindən yaranır. Bu gün də vətəndaşlar aldadılır.”
“10 ildir evinə köçə bilməyən vətəndaşlar var”
Millət vəkili qeyd edib ki, tikinti şirkətləri vətəndaşlara yalan vədlər verərək onların vəsaitlərini mənimsəyir:
“Elə bir vətəndaş var ki, pulunu ödəyib, amma 5 ildir, 10 ildir, eləsi var daha çoxdur ki, evinə köçə bilmir. Hərçənd ki, o insanlar illərlə topladığı o vəsaiti həmin MTK-lara ödəyəndə onlara iki-üç ilə öz evlərində yaşayacağı vədi verilmişdi.”
Çıxış yolu: Bank zəmanəti və Depozit hesabı
Problemin həlli üçün deputat beynəlxalq təcrübəyə əsaslanan iki mühüm mexanizmin tətbiqini təklif edən MCP başqanı, tikintiyə başlamazdan əvvəl şirkətlərin mütləq sığortalanmalı olduğunu bildirib:
“Birinci növbədə tikintiyə başlamazdan əvvəl MTK bank zəmanəti və ya sığorta təminatı təqdim etməlidir. Tikinti yarımçıq qalarsa, həmin vəsait hesabına həmin tikinti tamamlana bilər.”
Parlamentari eyni zamanda, pulların birbaşa MTK rəhbərlərinin əlinə keçməsinin qarşısının alınmasını vacib şərt kimi irəli sürüb:
“Vəsaitlər birbaşa MTK-ya yox, açılmış depozit hesabına köçürülür və pul da oradan yalnız tikinti mərhələlərinə uyğun olaraq çıxarılır.”

“Dövlət zəmanəti vacibdir”
Hələ ki, Azərbaycanda bu sistemin tam tətbiqinin çətin olduğunu etiraf edən deputat, dövlətin bu prosesdə daha aktiv rol oynamalı olduğunu qeyd edib:
“İstənilən halda vətəndaşın hüquqlarının qorunması üçün onların ödədikləri pulların dövlət zəmanətinə alınması çox vacibdir ki, əgər tikinti yarımçıq qalarsa, ən azından vətəndaş öz pulunu xilas edə bilsin.”
Razi Nurullayev bu məsələni daim gündəmdə saxlayacağını və həm vətəndaşların, həm də şəffaf biznesin maraqları üçün çıxışlarını davam etdirəcəyini vurğulayıb.