Çıxışlar

Ermənidən daha çox erməni olan Fransanın MƏQSƏDİ – Razi Nurullayev

Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırıb. Fransa-Azərbaycan Dostluq Qrupunun rəhbəri Pyer Vatin bildirib ki, Fransa-Azərbaycan Dostluq Qrupu Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə əlaqəsini də dayandırıb.

Maraqlıdır, bundan sonra Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandıra bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Razi Nurullayev bildirdi ki, Azərbaycan-Fransa dostluq qrupunun işləyib-işləməyəcəyi ilə bağlı veriləcək qərar rəhbərlikdən asılıdır:

“Elə bilirəm ki, buna ehtiyac yoxdur. Amma yenə də rəhbərlik, yəqin ki, daha çox məlumatlıdır və daha doğru qərarlar verə bilərlər. Bununla bağlı hansı qərar olsa, bu dostluq qrupunun üzvü kimi razılaşacam. Fransa parlamentində Azərbaycanla bağlı dostluq qrupunun ləğvinə gəlincə isə, onsuz da deməliyik ki, həmin dostluq qrupu Azərbaycanla bağlı konkret olaraq heç nə etmirdi. Açığını deyək ki, bu günə qədər biz onların bir bəyanatını, dəstəkləyici müdafiəsini görmüşdükmü? Xeyr. Sadəcə olaraq, formal olaraq belə bir qrup var idi, onlar da nə səs vermək imkanlarına malik idi, nə də onların yeganə edə biləcəyi bir məsələ o idi ki, bəzən tərəfsiz qalırdılar, səs vermirdilər. O baxımdan, həmin dostluq qrupunun dayandırılması, təbii ki, bizim üçün təhlükə təşkil etmir.

Amma Fransa- Azərbaycan münasibətlərinə təbii ki, mənfi təsir göstərir. Amma bu mənfi təsir Azərbaycanı çıxılmaz vəziyyətə qoymur. Çünki onsuz da biz Fransanın bütün haqsız məsələlərdə Ermənistanın yanında birmənalı durduğunun şahidi oluruq. Birmənalı olaraq Ermənistanı müdafiə edirlər. O baxımdan bizim Fransadan elə bir ciddi gözləntimiz yoxdur. Fransada Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə Azərbaycana qarşı konkret heç bir addım ata bilmir, atdığı addımların da hamısı iflasa uğrayıb. Biz bunu BMT-nin Təhlükəsizlik Şurasında gördük, igər platformalarda gördük. Fransa Azərbaycana qarşı heç bir mənfi rəy formalaşdıra və qətnamə qəbul etdirə bilmədi. O baxımdan, sadəcə olaraq Fransa bunu erməniləri sakitləşdirmək üçün edir. Amma bunların hamısının arxasında dayanan Emmanuel Makrondur.

Çünki o, ermənidən daha çox erməni olmaq istəyir. Doğrudan da, Makronun hakimiyyətdə olması zamanında Fransa – Azərbaycan münasibətləri mənfiləşib. İndi hakimiyyət dəyişən zaman , yaxın illərdə o zaman Azərbaycanla Fransa arasındakı münasibətlər yenidən normallaşacaq”.

Deputat vurğuladı ki, Fransanın xarici işlər naziri Ermənistana səfər edəcək və onlar Ermənistanın müdafiə sahəsində ehtiyaclarını öyrənmək istəyirlər:

“Eyni zamanda konsulluq açmaq istəyirlər. Məsələ burasındadır ki, onlar hesab edirlər ki, Azərbaycanın məqsədi hərbi yolla Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru yolunu açmaqdır, yəni Naxçıvanla Azərbaycanı birləşdirməkdir və bunu hərbi yolla həyata keçirəcək, Ermənistanın faktiki olaraq dünyada tanınmış ərazilərinə təcavüz edəcək. Azərbaycan prezidenti də bununla bağlı bir neçə dəfə fikrini söylədi ki, Türkiyə cümhur başqanı da bununla bağlı konkret olaraq fikirlərini bölüşüb ki, nə Azərbaycanın, nə Türkiyənin Ermənistanın hazırda dünya tərəfindən tanınan ərazilərinə heç bir təcavüzü haqqında düşünülmür. Artıq biz Qarabağ məsələsini və separatçıları ram edəndən sonra da, Laçın nəzarət buraxılış-məntəqəsini qurandan sonra da artıq Zəngəzur dəhlizini əvvəlki formatda danışmırıq.

Əgər Ermənistana icazə verəcəksə, istəyəcəksə, o zaman Zəngəzur dəhlizinə qoşulacaq və onun ərazisindən keçəcək. Yox, istəməsə, artıq İran ərazisindən keçəcək və Ermənistan kənarda qalacaq. Ona görə də mən burada da bir təhlükə görmürəm. Onlar konsulluq açsınlar, gəlsinlər. İkinci məsələ isə onlar təbii ki, Ermənistana müəyyən silahlar verəcəklər, hərbi ehtiyaclarını ödəyərəklər. Amma bununla nə dəyişəcək? Ermənistan ordusu Azərbaycandan güclümü olacaq? Silahımı Azərbaycandan çox olacaq? O baxımdan bütün bunların hamısı Azərbaycan üçün təhlükə yaratmaq iqtidarında deyil. Yəni Ermənistanı silahlandırmaqla, Azərbaycanla yenidən müharibəyə təşviq edirlərsə, o zaman Ermənistan yeni ərazilərini dəyişdirməli olacaqdı”.

Başa dön tuşu