İranın parçalanma qorxusu: Böyük gücləri saxlayan nədir?

İranda daxili ixtişaşlar və teokratik sistemə qarşı narazılıqlar artsa da, beynəlxalq müstəvidə rejim dəyişikliyi ilə bağlı vahid mövqe hələ formalaşmayıb. Bunun əsas səbəbi isə potensial xaos və ölkənin parçalanma qorxusudur.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Türkiyə üçün əsas təhlükə kürd dövlətçiliyidir”
Ekspertin sözlərinə görə, İranın parçalanması ehtimalı Türkiyəni prinsipial və ehtiyatlı mövqe tutmağa sövq edir:
“İranın dağılması təkcə daxili siyasi transformasiya deyil, həm də etnik və dini məzhəb xətləri üzrə zəncirvari qarşıdurmalar yarada bilər. Türkiyə üçün əsas təhlükə Cənubi Azərbaycanın taleyindən çox, İranın qərbində kürd dövlətçiliyinin formalaşmasıdır. İranın zəifləməsindən kürd muxtariyyəti və ya müstəqillik prosesi sürətlənə bilər. Bu isə Türkiyənin İraq, Suriya və İran sərhədləri boyunca ciddi təhlükə və yeni geosiyasi reallıq yaradaraq, Ankara üçün birbaşa milli təhlükəsizlik riski formalaşdırır.”
“Bütöv Azərbaycan regionda yeni güc mərkəzinə çevrilə bilər”
Politoloq bildirib ki, İranın parçalanması nəticəsində yaranacaq geosiyasi mənzərə Türkiyə ilə yeni rəqabət meyilləri də doğura bilər:
“İranın parçalanmasından yaranacaq böyük resurslara malik Bütöv Azərbaycan regionda yeni güc mərkəzinə çevrilə bilər. 50 milyonluq insan resursu, təbii ehtiyatlar və Ermənistan üzərindəki tarixi qələbə Bütöv Azərbaycanın nəinki Türk dünyasının, həm də İslam aləminin aparıcı mərkəzinə çevrilməsi ehtimalını artırır. Bu, gələcəkdə Türkiyə ilə müəyyən rəqabəti ortaya çıxara biləcəyi üçün Ankara bölgədə idarəolunan dövlət strukturlarının qalmasında maraqlıdır.”

İsrail-Azərbaycan və Türkiyə-Azərbaycan münasibətləri
MCP rəsmisi İsrail və Türkiyə ilə münasibətlərin inkişaf dinamikasındakı fərqlərə də toxunub:
“Azərbaycanın müstəqilliyinin ilk dövründə Türkiyə daxili siyasi və iqtisadi çətinliklər, ordu-elita mübarizəsi səbəbindən Bakıya məhdud dəstək verə bilirdi. Yalnız Ərdoğan dövründə Türkiyə regional gücə çevrilərək Azərbaycanla rəsmi müttəfiqlik səviyyəsinə yüksəldi. İsrail-Azərbaycan tərəfdaşlığı isə daha erkən strateji xarakter alıb. Azərbaycan İsrail vasitəsilə hərbi gücünü və texnologiyasını inkişaf etdirərək işğal siyasətinə qarşı möhkəmləndi. Bu əməkdaşlıq həm enerji və təhlükəsizlik maraqları, həm də ölkəmizdəki yəhudilərə qarşı çoxəsrlik tolerantlıqla bağlıdır.”
Analitik sonda vurğulayıb ki, hazırkı qarşıdurmalar siyasətin konturlarını mənəvi dəyərlərin deyil, məhz milli təhlükəsizlik maraqlarının müəyyən etdiyini bir daha sübut edir.
“Tehran isə Türkiyə və Azərbaycanla düşmənçilik xəttini davam etdirərək, hətta nüvə məsələsində Türkiyəyə deyil, Rusiyaya güvənməyi üstün tutur”, – Dadaşov əlavə edib.