Xəbərlər

Onkologiya bazar deyil, reklam yasaqlanmalıdır – Deputat

Dərman məhsul deyil, həyatla bağlı vasitədir

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Milli Məclisdə onkoloji yardım sistemində özəl tibb müəssisələrinin iştirakını nəzərdə tutan qanun dəyişiklikləri ilə bağlı çıxış edib.

Sosdem.az xəbər verir ki, millət vəkili islahatın mahiyyətini müsbət qiymətləndirsə də, sistemin kommersiya maraqlarına qurban verilməməsi üçün sərt xəbərdarlıqlar edib.

“Məqsəd müəssisəni yox, xəstəni maliyyələşdirmək olmalıdır”

MCP başqanı qeyd edib ki, onkoloji yardım sisteminin dövlət müəssisələri ilə məhdudlaşmaması düzgün addımdır, lakin kağız üzərindəki dəyişikliklər real icra mexanizmi ilə möhkəmləndirilməlidir. O, sistemin effektiv işləməsi üçün üç əsas şərti önə çıxarıb: real lisenziyalaşma, vahid standartlar və şəffaf maliyyələşmə.

“Səhiyyədə ən təhlükəli şey kağız üzərində ideal görünən, amma praktikada boşluqlarla dolu mexanizmdir. Dövlət büdcəsindən ayrılan vəsait xəstənin arxasınca getməlidir, klinikanın arxasınca yox. Yəni məqsəd müəssisəni yox, xəstəni maliyyələşdirmək olmalıdır. Bu zaman sistem sosial ədaləti qoruyar.”

Deputat həmçinin vurğulayıb ki, özəl klinikalar yalnız avadanlıq bazasına görə deyil, peşəkar komanda və onkoloji protokollara cavab vermək qabiliyyətinə görə seçilməlidir:

“Əks halda biz klinika adını daşıyan, amma real onkoloji yükü daşıya bilməyən strukturlar yarada bilərik. Xəstə dövlət klinikasında hansı protokolla müalicə alırsa, özəl müəssisədə də eyni kliniki qaydalar tətbiq olunmalıdır. Onkologiyada fərdi ‘təcrübə’ yox, protokol işləyir.”

“Həkim və dərman reklamı birdəfəlik qadağan edilməlidir”

Çıxışının ən diqqətçəkən məqamı tibb sahəsində reklam məsələsi ilə bağlı olub. Parlamentari səhiyyənin bazar modelinə keçidi fonunda xəstələrin manipulyasiyadan qorunmasının vacibliyini qeyd edib.

“Onkoloji xəstə adi istehlakçı deyil. O, psixoloji cəhətdən ən zəif vəziyyətdə olur. Reklam isə emosiyaya təsir edir, qorxu və ümid üzərindən qərar formalaşdırır. Bu isə tibbi qərarı elmi əsasdan çıxarıb psixoloji manipulyasiya alətinə çevirir. Həkim brend ola bilməz. Həkim etimad, peşəkarlıq və etik məsuliyyət simvoludur.”

“Rəqabət keyfiyyət üzərində olmalıdır”

MCP başqanı hesab edir ki, tibbi xidmətlərin və dərmanların reklam predmeti olması səhiyyəni informasiya yarışına və lazımsız kommersiya təzyiqinə salır, bu isə nəticə etibarilə xəstənin həm maddi, həm də fiziki zərər görməsinə yol açır.

“Dərman məhsul deyil, həyatla bağlı vasitədir. Onların reklam obyektinə çevrilməsi səhv müalicə seçiminə, lazımsız prosedurlara və xəstənin maddi istismarına qədər açıq-açıqcasına gedə bilir. Biz özəl sektoru sistemə buraxırıqsa, bu rəqabət keyfiyyət üzərində olmalıdır, reklam üzərində yox. Ümumiyyətlə, tibb sahəsində dərman və həkimlərin reklamının birdəfəlik qadağan olunmasını təklif edirəm.”

Sonda Razi Nurullayev əlavə edib ki, qanunun gücü onun mətnində deyil, nəzarət mexanizmində özünü göstərəcək.

Yalnız güclü dövlət nəzarəti və etik mühit daxilində bu islahat xəstələrin real xeyrinə işləyə bilər”, – deputat fikrini tamamlayıb.

Bir cavab yazın

Back to top button