Xəbərlər

“Saakaşvilinin səhvi hakimiyyəti Kremlə vermək idi” – Politoloq

Regionda demokratiyanın mexaniki şəkildə tətbiqi gözlənilməz və mənfi nəticələrə yol aça bilər”...

Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Cənubi Qafqazda demokratik proseslər və regional təhlükəsizlik məsələlərini Sosdem.az-a şərh edib.

“Demokratiya coğrafi və mental xüsusiyyətləri nəzərə almalıdır”

Ekspert qeyd edib ki, demokratik prinsiplərin uğuru birbaşa cəmiyyətin siyasi mədəniyyəti və tarixi təcrübəsi ilə bağlıdır. O, “Ərəb baharı”nı nümunə gətirərək bildirib:

“Demokratik prinsiplərin tətbiqi regional xüsusiyyətlər və cəmiyyətin siyasi mədəniyyəti nəzərə alındıqda daha uğurlu olur. Əks halda, bu prinsiplərin mexaniki şəkildə ixracı xalqların daha ağır vəziyyətlə üzləşməsinə səbəb olur. ‘Ərəb baharı’ bunun bariz nümunəsidir: bu dalğa heç bir ərəb ölkəsində dayanıqlı demokratiya formalaşdıra bilmədi. Deməli, ölkənin yerləşdiyi coğrafiya və ictimai mentalitet mütləq nəzərə alınmalıdır.”

Gürcüstan Nümunəsi: Saakaşvilinin Səhvi və “Gürcü Arzusu”

Şərhçi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin hakimiyyətdən gedişini regional kontekstdə ciddi bir strateji səhv kimi qiymətləndirib:

“Mixail Saakaşvilinin ən böyük səhvi hakimiyyəti ‘demokratiya’ prinsipi adı altında Rusiyaya bağlı oliqarx Bidzina İvanişviliyə təhvil verməsi oldu. Saakaşvili hesab edirdi ki, hakimiyyəti dinc yolla ötürməklə ölkənin inkişafına töhfə verəcək. Lakin gürcü cəmiyyəti demokratik ənənələri hələ tam mənimsəməmişdi və Rusiya bu prosesi qəbul etmirdi. Nəticədə, bu gün Saakaşvili hakimiyyəti təhvil verdiyi qüvvələr tərəfindən həbs edilib, Gürcüstan isə Qərbdən uzaqlaşaraq Rusiyanın təsir dairəsinə girib.”

Paşinyan Saakaşvilinin Səhvini Təkrarlamadı

Ermənistandakı mövcud vəziyyəti dəyərləndirən MCP rəsmisi vurğulayıb ki, Nikol Paşinyan bənzər riskləri düzgün hesablayıb:

“Ermənistanda Nikol Paşinyan seçkilərdə uduzarsa və hakimiyyəti Robert Köçəryan kimi Rusiyaya bağlı fiqurlara verərsə, ölkə müstəqilliyini itirib Rusiyanın forpostuna çevrilə bilər. Lakin Paşinyan Saakaşvilinin səhvini təkrarlamadı. Rusiyanın göndərdiyi Samvel Karapetyanı həbs edərək onun siyasi fəaliyyətinin qarşısını aldı. Əgər Saakaşvili vaxtında İvanişvilinin fəaliyyətinə imkan verməsəydi, Gürcüstanda demokratik inkişaf daha real olardı.”

Cənubi Qafqaz üçün “İdarəolunan Demokratiya” Modeli

Başqan müavini regionun gələcəyi üçün təhlükəsizlik amillərinin ön planda olduğu bir modelin vacibliyini diqqətə çatdırıb:

“Cənubi Qafqaz üçün demokratiya idarəolunan və təhlükəsizlik amillərini nəzərə alan model əsasında formalaşdırılmalıdır. Rusiya və İranın regiondakı destruktiv fəaliyyətinə yol verilməməli, demokratik institutlar xarici təsirdən qorunmalıdır.”

Bir cavab yazın

Back to top button