“İnformasiya Terroru”: Hücumların pərdəarxası – Deputat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvlərinə qarşı aparılan sistemli informasiya hücumları müəyyən dairələrin maraqlarına xidmət edir...
Sosdem.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının (MCP) başqşanı, deputat Razi Nurullayev deyib.
Parlamentari son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında dövlət başçısına qarşı kampaniyaların pərdəarxası məqamlarına toxunub.
“Məqsəd İctimai Rəyi Çaşdırmaqdır”
Millət vəkili vurğulayıb ki, bu cür kampaniyalar sadəcə təsadüfi tənqidlərdən ibarət deyil, daha böyük bir senarinin tərkib hissəsidir.
“Bu cür hücumların böyük hissəsi təsadüfi və ya yalnız fərdi təşəbbüs nəticəsi deyil. Bu dairələr və onların qaynaqları həm ölkə daxilində, həm də xaricdə mövcuddur. Məqsəd adətən ictimai rəyi çaşdırmaq, dövlət institutlarına inamı zəiflətmək və siyasi sabitliyə xələl gətirməkdir. Xüsusilə regionda geosiyasi proseslərin mürəkkəbləşdiyi bir dövrdə bu cür kampaniyaların artması da təsadüfi görünmür”.
Şəxsi Həyata Hücum: Siyasi Mübarizə, Yoxsa Təsir Aləti?
Razi Nurullayev xüsusilə qeyd edib ki, siyasi rəqabətin ailə və şəxsi həyat müstəvisinə keçirilməsi qəbuledilməzdir.
“Tənqid çərçivəsindən çıxaraq informasiya müharibəsinin bir növünə çevrilib. Cəmiyyətdə tənqid və fikir müxtəlifliyi normaldır, amma şəxsi həyata və ailə üzvlərinə yönələn hücumlar artıq siyasi müzakirə çərçivəsindən çıxır və daha çox planlı informasiya təsiri aləti bağışlayır”.

Analitik Baxış
MCP başqanı qeyd edib ki, Azərbaycanın regionda artan nüfuzu və müstəqil xarici siyasəti xarici anti-Azərbaycan mərkəzləri narahat edir.
“Daxili sabitliyi pozmaq istəyən qüvvələr məhz bu cür emosional və həssas mövzulardan istifadə edərək cəmiyyətdə inamsızlıq toxumu səpməyə çalışırlar”.
Deputatın bu açıqlaması bir daha göstərir ki, informasiya təhlükəsizliyi hazırkı dövrdə dövlət təhlükəsizliyinin ayrılmaz bir hissəsidir və bu cür hücumlar qarşısında cəmiyyətin ayıq-sayıqlığı mühüm rol oynayır.