Xəbərlər

İran ABŞ qarşısında geri çəkilmir… – ŞƏRH

İranda baş verən etirazların boğulması və bu prosesdə ABŞ-nin dolayısı dəstəyi İran əleyhinə aparılan ümumi strategiyanın mümkün variantlarından biri kimi qiymətləndirilirdi.

Sosdem.az xəbər verir ki, bunu Turkustan.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Tramp administrasiyası dövründə İranla bağlı əsas məsələ hərbi qarşıdurmadan çox, diplomatik təzyiq xətti idi:

“Bu çərçivədə İranın nüvə proqramından, xüsusilə ballistik raketlərdən imtina etməsi tələb olunur, ABŞ və Qərb şirkətlərinin İranın neft və enerji sektoruna çıxışının məhdudlaşdırılması ilə rejim iqtisadi cəhətdən sıxışdırılırdı.

Lakin görünən odur ki, İran rejimi bu təzyiqlərə baxmayaraq geri addım atmaq niyyətində deyil. ABŞ administrasiyası daxilində islahatlara ümid edən qüvvələr olsa da, ali dini rəhbərlik və mühafizəkar çevrələr buna qəti şəkildə qarşı çıxır. Etirazlar İran daxilində rejim üçün ciddi təhlükə yaratsa da, Tehran hələlik bu prosesi nəzarətdə saxlamağa çalışır”.

Regionda vəziyyət daha da mürəkkəbləşdiyini vurğulayan ekspert, ABŞ, İsrail və İran arasında gərginlik, eyni zamanda Səudiyyə Ərəbistanı və digər regional oyunçuların prosesə cəlb olunması risklərinin artdığını da qeyd edib:

“Diplomatik kanallar üzərindən aparılan danışıqların yanlış hesablanması vəziyyəti daha təhlükəli mərhələyə daşıya bilər.

Bu səbəbdən ABŞ və müttəfiqləri İran ətrafına hərbi donanma və digər strateji vasitələr yerləşdirərək təzyiqi artırırlar. Məqsəd İranı uzunmüddətli qarşıdurmaya məcbur etmək deyil, onu mövqeyini dəyişməyə vadar etməkdir. Buna baxmayaraq, İran məsələsi qlobal siyasətdə hələ də ziddiyyətli və qarışıq strategiyalarla müşayiət olunur”.

MCP rəsmisinin sözlərinə görə, bir çox dairələrdə hesab edilir ki, İranda mövcud rejim dəyişməli və ölkədə yeni siyasi sistem qurulmalıdır:

“Yeni dünya siyasi düzənində İranın daxili və xarici siyasətinin dəyişməsi qaçılmaz görünür. Bu dəyişiklik ya tədricən, yumşaq keçid yolu ilə baş verəcək, ya da ABŞ və müttəfiqlərinin davamlı müdaxilələri fonunda daha sərt ssenari ilə reallaşacaq”.

Bir cavab yazın

Back to top button