Məmurlar, banklar, vətəndaş hüquqları: Deputatdan TƏKLİFLƏR

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında vətəndaşların hüquqlarını qorumaq üçün konkret qanunvericilik təşəbbüsləri ilə çıxış edib.
Sosdem.az xəbər verir ki, millət vəkili mövcud sistemdəki boşluqların birbaşa insan hüquqları pozuntusuna yol açdığını bildirərək, üç əsas istiqamət üzrə təkliflərini səsləndirib:
Məmur məsuliyyəti və “formal cavab” problemi
Deputat bildirib ki, dövlət orqanlarının müraciətlərə laqeyd yanaşması minlərlə şikayətin əsas qaynağıdır:
“Dövlət orqanlarının müraciətlərə cavab müddətinə görə real məsuliyyət mexanizmi olmalıdır. Cavab verilmədikdə avtomatik intizam icraatı həyata keçirilməlidir. Ən əsası, vətəndaşa ‘formal cavab’ verilməsinin qanunla məhdudlaşdırılması vacibdir. Bu, minlərlə şikayətin əsas səbəbidir və birbaşa insan hüquqları məsələsidir”.
Regionlarda Ombudsman nəzarəti gücləndirilməlidir
MCP başqanı bölgələrdəki icra hakimiyyətlərinin fəaliyyətinə nəzarətin artırılmasını tələb edib:
“İnsan hüquqları pozuntularının böyük hissəsi regionlarda baş verir, amma nəzarət zəifdir. Regional Ombudsman nümayəndələrinə yerli icra orqanlarından məcburi izahat tələb etmək və yoxlama təşəbbüsü qaldırmaq hüququ verilməlidir. Eyni zamanda, bu nümayəndəliklərin üzərinə rüblük açıq hesabat vermək öhdəliyi qoyulmalıdır”.

“Tək yaşayış evinin borca görə satışı tam məhdudlaşdırılmalıdır”
Sosial hüquqlar və bank problemlərinə toxunan deputat, yüz minlərlə vətəndaşı maraqlandıran “Borcluların hüquqlarının qorunması haqqında” qanun layihəsinin zəruriliyini qeyd edib:
“Tək yaşayış evinin borca görə satışının tam məhdudlaşdırılması mütləqdir. Bank–müştəri müqavilələrində şəffaflıq standartları üst səviyyəyə çatdırılmalıdır. Məhkəmə icraçıları üçün xüsusi davranış kodeksi hazırlanmalıdır; təzyiq və hədə-qorxu halları qəti şəkildə qadağan edilməlidir. Bu məsələ yüz minlərlə vətəndaşın həyatına birbaşa təsir edir”.
Süni intellekt və “ikili standartlar”
Çıxışının sonunda Razi Nurullayev texnoloji yeniliklərin hüquq sisteminə inteqrasiyasını təklif edib:
“Süni intellektdən istifadə edərək mövcud qanunları sadələşdirməli, ziddiyyətləri aradan qaldırmalıyıq. Həmçinin, dələduzluq hallarında vətəndaşlara tətbiq olunan ikili standartlar aradan qaldırılmalıdır. Ümidvaram ki, bu sahədə konkret işlər görüləcək və müzakirələr davam edəcək”.