Xəbərlər

Kadr siyasəti kökündən dəyişməlidir – Deputat

Azərbaycanın daha sürətli inkişafı üçün köklü islahatlara və yeni idarəçilik modelinə ehtiyac var.

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev ölkədə idarəetmə keyfiyyətinin yüksəldilməsi və kadr islahatlarının dərinləşdirilməsi ilə bağlı mühüm təkliflərlə çıxış edib.

“Məqsədim kimisə hədəf almaq deyil”

MCP başqanı qeyd edib ki, son illərdə gənc və peşəkar mütəxəssislərin irəli çəkilməsi müsbət hal olsa da, bu proses daha sistemli xarakter almalıdır:

“Mənim səsləndirdiyim fikir kimlərisə hədəf almaq üçün deyil, ümumi idarəetmə keyfiyyətinin yüksəldilməsinə xidmət edən mövqedir. Doğrudur, son illərdə ölkədə kadr islahatları aparılır, gənc və peşəkar mütəxəssislər irəli çəkilir. Ancaq düşünürəm ki, bu proses daha sistemli, şəffaf və dərin olmalıdır.”

İslahatlar üçün 3 əsas istiqamət

Millət vəkili idarəetmənin təkmilləşdirilməsi üçün konkret təkliflərini irəli sürüb:

” – Vəzifəyə təyinat zamanı şəxsi münasibətlər deyil, real bacarıq və nəticəyə görə məsuliyyət prinsipi əsas götürülməlidir.

– Məmurların fəaliyyəti konkret meyarlarla qiymətləndirilməli, vətəndaş narazılığı yaradan şəxslər barəsində dərhal qərarlar verilməlidir.

– Regionlarda köhnə, qapalı və formal idarəçilik üslubuna son qoyulmalıdır”.

“Köhnə idarəçilik inamı azaldır”

Xüsusilə bölgələrdəki vəziyyətə toxunan partiya llideri, bəzi yerli məmurların vətəndaşdan uzaq olmasının iqtisadi təşəbbüslərə və dövlətə olan inama zərər vurduğunu vurğulayıb:

“Bəzi yerlərdə hələ də köhnə idarəçilik üslubu qalır – qapalı, formal və vətəndaşdan uzaq. Bu isə həm iqtisadi təşəbbüsləri zəiflədir, həm də dövlətə olan inamı azaldır. Mən konkret adlar çəkməyi düzgün saymıram. Çünki məsələ ayrı-ayrı şəxslərdən daha çox, sistemin özünün təkmilləşdirilməsidir.”

Sonda parlamentari əlavə edib ki, sağlam tənqid və təkliflər ölkənin daha güclü və dayanıqlı inkişafına xidmət edir.

“Məqsəd tənqid xatirinə tənqid deyil, xalqa yaxın və çevik idarəetmə modelinin formalaşdırılmasıdır”, – Razi Nurullayev deyib.

Bir cavab yazın

Back to top button