Davos Forumu: Qlobal böhran, dəyişən dünya nizamı – ŞƏRH

Dünya iqtisadi və siyasi elitasının toplandığı Davos Forumu bu il beynəlxalq münasibətlər sistemində hökm sürən dərin böhran və güc mərkəzləri arasındakı kəskin rəqabət fonunda keçirilir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Qloballaşmanın yeni siması: Güc balansı və rəqabət
Ekspertin sözlərinə görə, mövcud siyasi böhrana baxmayaraq, forumun keçirilməsi qloballaşmanın hələ də aktuallığını qoruduğunu sübut edir. Lakin bu proses artıq əvvəlki liberal məzmununu itirib:
“Müasir qloballaşma artıq klassik əməkdaşlıq deyil, daha çox güc balansı və rəqabət üzərində formalaşır. Davos forumu ABŞ və Avropa İttifaqı (Aİ) arasındakı siyasi gərginliyin davam etdiyi, ənənəvi müttəfiqlərin bir-birini rəqib kimi görməyə başladığı bir mərhələdə baş tutur.”
ABŞ-nin “Şəriksiz Liderlik” mesajı
ABŞ Prezidenti Donald Trampın Davosda iştirakı dünyaya mühüm mesajlar verir, deyən MCP rəsmisi əlavə edib ki, Vaşinqton hər bir dövlətin ABŞ ilə hesablaşmalı olduğunu nümayiş etdirir:
“Güc nümayişi: Davos artıq sadəcə iqtisadi platforma deyil, ABŞ-Avropa rəqabətinin meydanıdır.
İkitərəfli tərəfdaşlıq: Tramp beynəlxalq hüquq normalarından çox, ikitərəfli maraqlara əsaslanan yeni xarici siyasət xəttini elan edir.
Alternativ platformalar: Çoxtərəfli institutların zəifləməsi fonunda Qəzza Sülh Forumu kimi yeni qlobal təşəbbüslərin yaranması beynəlxalq sistemdə yeni güc mərkəzlərinin formalaşdığını göstərir”.

Azərbaycan: Regionun əsas geostrateji aktoru
Siyasi şərhçi forumda Azərbaycanın iştirakına və Prezident İlham Əliyevin çıxışına xüsusi diqqət çəkərək bildirib ki, Cənubi Qafqazda yeni nizamı diktə edən rəsmi Bakı artıq Asiya ilə Avropanı birləşdirən vazkeçilməz faktordur:
“Yeni dünya nizamında həm Avropa, həm də ABŞ Azərbaycanla strateji tərəfdaşlıqda maraqlıdır. Prezidentin Davosdakı çıxışı ölkəmizin yeni strateji baxışını ortaya qoydu. Bu strategiya dörd əsas sütun üzərində qurulub: təhlükəsizlik, enerji, nəqliyyat və sülh.”
Ekspertin fikrincə, Azərbaycan bu platformada özünün açıq, praqmatik və balanslı tərəfdaşlıq modelini dünyaya bəyan edərək, qlobal siyasi-iqtisadi arenada yerini daha da möhkəmləndirib.