Xəbərlər

Tramp BMT-ni əvəzləmək istəyir? – ŞƏRH

Trampın yeritdiyi xətt xaotik deyil, konkret bir ssenari əsasında mərhələli şəkildə icra olunan sistemli bir prosesdir.

Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov Sosdem.az-a ABŞ Prezidenti Donald Trampın xarici siyasət strategiyasını, Qlobal Sülh Şurası təşəbbüsünü və Fransanın bu proseslərə müqavimətini şərh edib.

“Sülh Şurası” və Hüquqi Paradiqma Dəyişikliyi

Politoloq vurğulayır ki, Trampın Qəzza ilə bağlı irəli sürdüyü “Sülh Şurası” və tətbiq etdiyi mexanizmlər beynəlxalq hüququn mahiyyətini kökündən dəyişməyə hesablanıb:

“Artıq gizli deyil ki, Trampın təklif etdiyis ‘Sülh Şurası’nda hədəf yalnız Qəzza ilə məhdudlaşmır; məqsəd BMT-ni əvəzləmək və dünyanın idarəçiliyini formal hüquqi mexanizmlərlə deyil, zor gücü ilə həyata keçirməkdir. Donald Trampın özünü bu şuranın sədri elan etməsi və veto hüququnu yalnız ABŞ Prezidentinin səlahiyyəti kimi təqdim etməsi hüquq fəlsəfəsində köklü bir ‘legal paradigm shift’ (hüquqi paradiqma dəyişikliyi) deməkdir. Bu, hüququn mahiyyəti, mənbələri və tətbiq üsulları ilə bağlı fundamental düşüncə modelinin dəyişməsidir. Əslində, dünyada onsuz da ‘güclünün haqqı’ prinsipi beynəlxalq hüququ özünə uyğun formalaşdırmışdı; Trampın yeritdiyi siyasət isə həmin güc amilinin ən çılpaq modelidir”.

Fransanın Müqaviməti: Məntiqli və Sistemli Dirəniş

Analitikin fikrincə, Fransanın bu proseslərə qarşı kəskin mövqeyi Parisin qlobal statusunu qorumaq instinktindən doğur:

“Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi veto hüququna malikdir və bu qlobal söz sahibliyini itirmək istəmir. Fransanın Trampın ‘Sülh Şurası’na qarşı dirənişi məntiqli, sistemli və anlaşılandır. Parisin mövqeyi eyni zamanda BMT Nizamnaməsinin 51 və 52-ci maddələrinin qorunması, mövcud dünya nizamının saxlanılması və beynəlxalq hüququn legitim mexanizmlərinin müdafiəsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Fransa, Almaniya və Böyük Britaniya artıq ABŞ-dan asılı olmayan müstəqil hərbi birlik yaratmaq üçün praktik addımlar atırlar”.

“Qorxu və Qazanc” Siyasəti: “Modura” Əməliyyatı

Ekspert qeyd edib ki, Trampın psixoloji hücum metodları dövlət başçılarına qarşı bir təhdid aləti kimi istifadə olunur:

“Donald Tramp keçirdiyi ‘Modura əməliyyatı’nı psixoloji hücum və dövlət başçılarına qarşı təhdid vasitəsi kimi istifadə edir. Bu əməliyyatın əsas hədəflərindən biri məhz ‘qorxu’ siyasətini yaymaq idi. Trampın Qrenlandiya və Cənubi Amerika ilə bağlı təhdidləri bu ‘qorxu və qazanc’ strategiyasının elementləridir. Lakin hesab edirəm ki, ‘Modura əməliyyatı’ndan sonra Tramp artıq bu tip manevrləri eyni effektlə təkrarlaya bilməyəcək”.

“Deep State” və Strateji Plan

MCP rəsmisi Trampın addımlarının ABŞ-nin dövlət siyasətindən kənar olmadığını diqqətə çatdırıb:

“Əgər hesab olunursa ki, Tramp dünyanı yalnız öz bildiyi kimi idarə edir və bu, ABŞ-ın dövlət siyasəti deyil, bu, böyük yanlışlıqdır. Diqqət yetirin, Rusiyaya qarşı isti münasibət sərgiləyən və NATO daxilində parçalanma riski yaradan Trampa qarşı heç bir məhdudlaşdırıcı tədbir görülmür, hətta ‘Deep State’ (Dərin Dövlət) tərəfindən belə. Tramp dövlətin strateji xəttindən kənara çıxa bilməz; o, sadəcə ABŞ hegemonluğunu yeni reallıqlar yaradaraq strateji plan üzrə gücləndirir”.

Rusiya Faktoru və Yeni Dünya Bölgüsü

Şərhçinin qənaətinə görə, Trampın siyasəti hazırda Moskva üçün müəyyən strateji manevr imkanları yaratsa da, bu, müvəqqəti xarakter daşıyır:

“Rusiya-Ukrayna müharibəsinin arxa plana keçməsi və Avropanın diqqətinin Qrenlandiya və Yaxın Şərqə yönəlməsi Moskva üçün müsbət görünsə də, bu, müvəqqəti üstünlükdür. Böyük dövlətlər arasındakı qarşıdurma görüntüsü əslində dünya bölgüsü üzrə razılaşdırılmış ssenaridir. Trampın ‘Qrenlandiyanı biz götürməsək, Rusiya və ya Çin işğal edəcək’ deməsi bu gizli razılaşmaların dolayı sübutudur”.

Azərbaycanın Mövqeyi: Güclü Tərəfin Seçimi

Sonda başqan müavini Azərbaycanın bu mürəkkəb geosiyasi şəraitdəki yerini belə şərh edib:

“Azərbaycan öz siyasi ittifaqları və xarici siyasət kursu ilə bu xaotik mühitdə özünü qorumaq imkanlarını möhkəmləndirir. Azərbaycanın da “Sülh Şurası”na üzvlüyü gerçəkləşir. Unutmaq olmaz ki, güclü və qalib tərəf heç vaxt ittiham edilmir. Azərbaycan isə hazırda məhz güclü tərəfdir və sülhün yanındadır”.

Bir cavab yazın

Back to top button