Müstəqilliyə gedən yol – 20 YANVAR

Əziz həmvətənlər!
Azərbaycanın müasir tarixinə həm böyük bir kədər, həm də sarsılmaz bir qəhrəmanlıq səhifəsi kimi həkk olunmuş 20 Yanvar – Ümumxalq Hüzn Günündən 36 il ötür. 1990-cı ilin həmin müdhiş gecəsində sovet imperiyasının qanlı ordusu xalqımızın istiqlal əzmini qırmaq üçün Bakıda dinc əhaliyə qarşı amansız cinayət törətmişdir.
Lakin həmin gecə tökülən qanlar Azərbaycanın müstəqilliyinə gedən yolu işıqlandırdı. Milli azadlıq hərəkatının zirvəsi olan 20 Yanvar hadisələri xalqımızın əyilməz iradəsini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimiz öz canları bahasına sübut etdilər ki, heç bir silahlı qüvvə azadlıq eşqini boğa bilməz.
Milli Cəbhə Partiyası olaraq Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın fədakarlığı heç vaxt unudulmayacaq.
Bu gün Azərbaycan bayrağının ölkəmizin hər bir guşəsində, o cümlədən azad edilmiş torpaqlarımızda qürurla dalğalanması 20 Yanvar şəhidlərinin ruhunun ən böyük təsəllisidir.
Bu ağır, lakin şərəfli gündə şəhid ailələrinə, qazilərimizə və bütün xalqımıza dərin hüznlə başsağlığı diləyirik.
20 Yanvar həm matəm, həm də milli qürur günümüzdür. Bu faciəni törədənlərin mənəvi və siyasi məsuliyyəti tarixin yaddaşından heç vaxt silinməyəcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!