Xəbərlər

“YPG-PKK strukturunun sonu yaxınlaşır” – Ekspert

Suriyanın şimal-şərqində möhkəmlənərək muxtariyyət statusu almağı planlaşdıran YPG terror təşkilatı nəzarət etdiyi ərazilərdən sıxışdırılıb çıxarılır. On ildən artıqdır bölgədə fəaliyyət göstərən və ABŞ-dan geniş lojistik-hərbi dəstək alan bu strukturun parçalanma mərhələsinə qədəm qoyduğu bildirilir.

Sosdem.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Separatçı planlar və Türkiyənin təhlükəsizliyi

Politoloqun sözlərinə görə, Türkiyənin dəfələrlə irəli sürdüyü tələblərə baxmayaraq, Məzlum Abdi və Saleh Müslümün rəhbərlik etdiyi YPG silahı yerə qoymaqdan və Suriya silahlı qüvvələrinə inteqrasiya olunmaqdan imtina edib:

“Bu təşkilat Suriyanın şimal-şərqində Türkiyənin suverenliyi və milli təhlükəsizliyi üçün birbaşa təhdidə çevrilmişdi. Onlar inteqrasiyanı rədd edərək separatçı planlarını reallaşdırmağa çalışırdılar. Lakin hazırda bu silahlı qurumun sonu yaxınlaşır.”

Strateji resurslar Suriya hökumətinin nəzarətinə keçir

Ekspert vurğulayıb ki, hazırda kürd separatçılarının nəzarətində olan mühüm neft-qaz yataqları və münbit kənd təsərrüfatı torpaqları yenidən Suriya hökumətinin nəzarətinə keçir:

“Bu proses Türkiyənin strateji planı çərçivəsində reallaşır. Suriya ordusu Türkiyə ilə koordinasiyalı şəkildə YPG-yə qarşı əməliyyatlara başlayıb. Bölgə kürd separatçı silahlı qruplarından ardıcıl şəkildə azad edilir”.

Türkiyənin geosiyasi qələbəsi

MCP rəsmisi ABŞ-nin etirazlarına rəğmən, rəsmi Ankaranın qətiyyətli mövqe nümayiş etdirdiyini bildirib:

“PKK terror təşkilatını ölkə daxilində sıradan çıxaran, ardınca Suriyada YPG-ni məğlubiyyətə uğradan Türkiyə regionda geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Ankara Suriyanın parçalanmasına, ‘federativ model’ adı altında faktiki bölünməsinə imkan vermədi.”

Bir cavab yazın

Back to top button