Xəbərlər

Ermənistan Azərbaycan xalqından üzr istəyəcək… – Mövqe

Azərbaycan-Ermənistan münasibətlərində atılan hər bir addım təkcə siyasi qərar deyil, eyni zamanda ciddi mənəvi ölçüyə malikdir. Çünki onilliklər boyu davam edən bu qarşıdurma yalnız silahlı müstəvidə deyil, həm də yaddaşlarda, travmalarda və cəmiyyətlərin şüurunda dərin izlər buraxıb.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev Azərbaycanın dörd erməni məhbusu humanizm prinsipləri əsasında Ermənistana təhvil verməsinə münasibət bidirərkən deyib.

MCP rəsmisi hadisəni mühüm siyasi və etik mesaj kimmi dəyərləndirib:

“Bu addım asan qərar deyil, ağrılıdır, cəmiyyət üçün emosional baxımdan ağırdır. Lakin məhz bu çətinliyə baxmayaraq atılması onun dəyərini artırır. Azərbaycan qalib tərəf kimi qisas yox, ədalət və beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini bir daha nümayiş etdirir. Bu davranış göstərir ki, Bakı sülhü zəiflik kimi deyil, gücün ən ali mərhələsi kimi qəbul edir. Müharibəni udmaq gücdür, amma müharibədən sonra humanizm nümayiş etdirmək daha böyük gücdür. Azərbaycanın bu addımı beynəlxalq ictimaiyyətə açıq mesajdır”.

Başqan müavini, Ermənistan üçün isə bu addımın güzgü rolunu oynadığını qeyd edib:

“Qarşı tərəfin göstərdiyi insani münasibət cavab olaraq siyasi cəsarət, tarixi dürüstlük və məsuliyyət tələb edir. Azərbaycan artıq sübut edib ki, humanizm onun dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Məhz bu yanaşma regionda davamlı və ədalətli sülhün ən güclü təminatıdır.

İnanıram ki, vaxt gələcək, Ermənistan hökuməti Xocalıda və Qarabağda törədilmiş qətliamları faciə kimi tanıyacaq və Azərbaycan xalqından üzr istəyəcək. Yaxın tarix bizə göstərdi ki, dünən mümkünsüz görünən bu gün reallığa çevrilə bilir. Biz dövlətimizə inanırıq. Çünki bu siyasət təkcə torpaqları deyil, həm də mənəvi üstünlüyü geri qaytardı”.

Bir cavab yazın

Back to top button