Xəbərlər

Trampın İranı vurmamasının pərdəarxası… – ŞƏRH

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov Sosdem.az-a açıqlamasında ABŞ-nin İrana hərbi müdaxilədən son anda çəkinməsinin səbəblərini təhlil edib.

Ekspertin fikrincə, Donald Trampın İranla bağlı qərarına təsir edən bir neçə ciddi faktor mövcuddur. Politoloq qeyd edib ki, Venesuela ətrafındakı gərginlik və körfəz ölkələrinin, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xahişi bu məsələdə mühüm rol oynayıb. Eyni zamanda, İran və İsrail arasında daimi mövcud olan gizli sövdələşmələr də ehtimallar sırasındadır. Lakin siyasi şərhçi vurğulayır ki, bu imtina heç də son qərar olmaya bilər.

Rejim seçimi və Cənubi Azərbaycan faktoru

MCP rəsmisinin qənaətincə, əsas səbəb İranda daxili ixtişaşlar fonunda xalqın iki rejim – molla-teokratik və ya Pəhləvi-monarxiya rejimi arasında seçim qarşısında qoyulmasıdır. ABŞ-nin İranda rejim dəyişikliyinə tərəddüdlə yanaşmasının kökündə İranın parçalanma qorxusu dayanır:

“Molla rejimindən imtina və Pəhləvi monarxiyasının bərpası İranın parçalanması ehtimalını gücləndirirdi. Xüsusilə Cənubi Azərbaycanın müstəqillik qazanması digər xalqlara nisbətən daha real görünürdü. Bu isə Azərbaycanın və Türkiyənin daha da güclənməsinə, Türkiyənin regionda mütləq hakimə və İslam dünyasında əsas söz sahibinə çevrilməsinə yol açardı. Ərəb ölkələrinin farslara qarşı ‘sevgisi’ əslində türk etnosundan duyduqları ehtiyatdan qaynaqlanır.”

Qərbin İran layihəsi: “Türk nifrəti” və vahid İran

Başqan müavini iddia edir ki, İranın İslam dünyasını parçalamaq və Türkiyənin güclənməsinin qarşısını almaq missiyası məhz Qərb tərəfindən müəyyən edilmiş strateji xəttdir. Bu səbəbdən Qərb İranın parçalanmasına yol açacaq bir prosesi dəstəkləməkdən yayınır:

“İranın bütövlüyünü qorumaq üçün ‘türk nifrətini’ daxilində saxlayan Pəhləvi monarxiyası mövcud teokratik rejimə yeganə alternativ kimi irəli sürülürdü. Lakin Cənubi Azərbaycan bu ssenariyə qəti şəkildə qarşıdır. Vaşinqtonda ABŞ rəsmiləri ilə Cənubi Azərbaycan təmsilçiləri arasında keçirilən görüşlərin məqsədi məhz Pəhləvi monarxiyasının bərpasına razılıq almaq idi. Görünən odur ki, bu razılaşma baş tutmayıb.”

Vüqar Dadaşov qeyd edib ki, əgər Pəhləvi rejimi hakimiyyətə gətirilsəydi, Cənubi Azərbaycan müstəqilliyini elan edəcək və İranın parçalanması qaçılmaz olacaqdı.

“Məhz bu mürəkkəb geosiyasi səbəblərdən dolayı Tramp hələ ki, İrana zərbə endirməkdən geri çəkilib”, – analitik deyib.

Bir cavab yazın

Back to top button