Kiyev doğru mövqe nümayiş etdirib… – Ekspert

Ukrayna Ali Radası hərbi vəziyyətin uzadılmasına dair qərarı təsdiqləyib. Səsvermə ölkədəki mürəkkəb hərbi-siyasi vəziyyət şəraitində baş tutub.
Sosdem.az xəbər verir ki, məsələ ilə bağlı, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında, hərbi vəziyyətin uzadılmasının indiki şəraitdə təbii olduğunu bildirib:
“Ukrayna müharibə vəziyyətindədir və atəşkəs, yaxud sülhlə bağlı hələ də qənaətbəxş addımlar atılmayıb. Qərb müttəfiqləri bu vəziyyəti anlayışla qarşılamalıdırlar. Əgər müharibənin dayandırılması üçün mahiyyəti üzrə təsirli addımlar atılmırsa, təbii ki, real vəziyyəti hər kəs olduğu kimi qiymətləndirməlidir. Ukraynada daxili siyasi sabitliyə hərbi vəziyyətin təsiri o qədər də ciddi olmayacaq. Ukrayna Ali Radasının bu səsverməsi əslində mövcud vəziyyətin real şəkildə qiymətləndirilməsi deməkdir”.
Politoloq həmçinin qeyd edib ki, Qərb dairələri öz maraqlarına uyğun olaraq Ukraynadakı durumu görmək istədikləri kimi qiymətləndirə bilərlər, lakin ən doğru mövqeni məhz Ali Rada nümayiş etdirib:
“Hərbi vəziyyətin davam etməsi Qərbin bu müharibədə Ukrayna və sülh naminə konkret nailiyyət əldə etməməsinin bariz nəticəsidir. Görüntü naminə hərbi vəziyyəti ləğv etmək hazırda Ukraynanın maraqları üçün əlverişli deyil”.
