İranda hakimiyyət dəyişikliyi: dinc, yoxsa silahlı? – ŞƏRH

İrandakı vəziyyət hazırda idarəolunan xaos həddindədir…
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan Sfera.az-a deyib.
Ekspert bildirib ki, hadisələrin Tehran daxilindən deyil, xaricdən idarə olunduğu hiss olunur:
“Ancaq təbii ki, burada xalqın haqlı etirazları əsas bazadır. Lakin lider kimi kimin təqdim olunacağı dəqiq deyil. Farsların daha çox şahı tələb etmələri onların ABŞ təsirində olduğunu göstərir. Azərbaycan-türk əsilli İran əhalisi isə daha çox milli hökumət tələb edir, konkret lider təqdim etmir. Gedişatın tələbinə görə bu lider prezident Pezeşkiyanın özü də ola bilər. Bu dəqiq deyil ona görə ki, hakimiyyətin dinc yolla ötürülməsi yaxud silahlı müdaxilə yolu ilə baş verəcəyi məlum deyil. Dinc yolla ötürülməsi baş tutsa təbii ki, rejim şahdansa prezidenti üstün tuta bilər”.
Politoloq qeyd edib ki, silahlı müdaxilə olarsa üsyanı idarə edən qüvvələrin öz adamını gətirəcəyi məlumdur ki, bu da Şah Rza Pəhləvi ola bilər:
“Etirazların səngiməməsi üçün ABŞ və İsrail İranı hələ ki, vurmağı planlaşdırmır. Lakin molla rejimi xalqın diqqətini yayındırmaq üçün özü İsrailə zərbə endirə və əks zərbələrə şərait yaradıb xalqı qırğına verə bilər. Ona görə fürsət verməmək üçün görünür rejimi mümkün qədər tez həll etmək naminə sürətli addımlar atılır. Hazırda etirazçıların ali dini- siyasi liderin qəsrinə doğru irəlilədiyi deyilir. Fars bölgələrində etirazçılar şahı çağırır, türk bölgələrində isə şaha qarşı bişərəf deyə şüarlar səsləndirirlər. Rejimin çöküşü ilə vətəndaş müharibəsi və xaos da başlaya bilər. Ola bilsin əhalini ikiqütblü ayaqlandırıblar ki, şah məsələsi baş tutmasa ikinci plana uyğun addım atılsın”.

Şərhçi hesab edir ki, hazırda İran xalqı, vaxtilə haqlarını əlindən alan şah sülaləsinin belə qayıtmasına razıdır:
“Hətta rejimin yerinə Yezidin belə dirilib hakim olmasına razı olacaq dərəcədə beziblər. Əsasən farsların şah tələbi ilə türklərlə kürdlərin milli azadlıq tələbi vəziyyəti daha da mürəkkəbləşdirəcək, etirazçıları parçalayacaq. Bu, rejim çökdüyü halda İranın parçalanmasına da gətirə bilər. Rejimin çox yaxın zamanda süqut edəcəyi gözlənilir. Çünki xarici kəşfiyyat onun sütunlarının altına qədər işləyib. Hər halda rejim dinc yolla təslim olmayacaq. Müxtəlif fanatik qruplardan ibarət terrorçu dəstələrin lokal hücumları ilə hakimiyyəti xalqın asanlıqla ələ almasına imkan verməməyə çalışacaqlar. Hazırki dini – siyasi liderin İraqa, Nəcəf şəhərinə yaxud Afrika ölkələrindən Mərakeşə, bəzi mülahizələrə görə isə Fransaya sığınacağı ehtimal olunur”.