Razi Nurullayev xalqa və hökumətə səsləndi…

Bu gün təkcə bir parlament sessiyasının sonu deyil. Bu gün həm də bir ilin hesabatıdır. Hər birimiz bu zalda çıxış edərkən, qərar qəbul edərkən bilir və bilməliyik ki, arxamızda milyonlarla insanın ümidləri, gözləntiləri və inamı dayanır.
Dünya azərbaycanlılarının həmrəyliyi sadəcə bayram deyil. Bu, taleyin bizə verdiyi böyük məsuliyyətdir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını bir amal, bir Vətən anlayışı birləşdirir.
Bu gün xaricdə yaşayan soydaşlarımız Azərbaycanın güclənməsini, sözünün çəkisini, dövlətinin sabitliyini görmək istəyir. Biz bu sahədə inamı daha yaxşı səviyyədə doğrultmalıyıq.
Bu il ölkəmiz üçün heç də asan olmadı. Sosial çağırışlar, iqtisadi çətinliklər, vətəndaşların gündəlik dolanışıq problemləri və geopolitik gərginliklər – bunların hamısı reallıqdır. İnsanlar bizdən təkcə qanun deyil, hım də bütün sahələrdə ədalət gözləyir. Təkcə qərar yox, həm də anlayış gözləyir. Təkcə vəd yox, həm də nəticə gözləyir.
Amma eyni zamanda deməliyik ki, dövlət də üzərinə düşəni etməyə çalışır. İslahatlar gedir, sosial paketlər genişlənir, şəhid ailələrinə, qazilərə diqqət artırılır, infrastruktur yenilənir. Bunlar danılmazdır. Sadəcə bu proseslər insanın gündəlik həyatında daha çox hiss olunmalıdır.
Yeni ilə girərkən cəmiyyətin bir əsas istəyi var: ədalət, şəffaflıq və qayğı. İnsan bütün məqamlarda dövlətinin onun yanında olduğunu hiss etməlidir. Məmur xalqdan aralı deyil, xalqın içində olmalıdır. Qapılar açıq, sözlər səmimi, qərarlar vicdanlı olmalıdır.
Bu gün buradan həm hökumətə, həm də xalqa səslənirəm:
Gəlin 2026-cı ilə bir-birimizə inam ruhunda və milli birliyimizi saxlamaqla girək. Qarşıdurma ilə yox, dialoqla. Şübhə ilə yox, həmrəyliklə. Şikayətlə yox, həll yolu ilə.
Çünki bu ölkə bizim hamımızındır.
Bu torpaq bizim taleyimizdir.
Bu bayraq hamımızın qürurudur.
Qoy yeni il hər evə ümid, hər ailəyə rifah, hər vətəndaşa sabahı üçün inam gətirsin.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mübarək olsun!
Yeni iliniz mübarək olsun!
Razi Nurullayev
Milli Cəbhə Partiyasının başqanı, deputat
