Xəbərlər

Bu, idarəçilik deyil, köhnə, səmərəsiz yanaşmadır… – Deputat

Son hadisələr göstərir ki, gömrük sistemində şəffaflığın artırılması istiqamətində addımlar atılır və bu proses artıq müəyyən tarazlığın formalaşmasına gətirib çıxarıb. İçəridə nə baş verir, kim düz, kim səhvdir bilmirəm, bilmək də istəmirəm. Çünki, təklif və tənqidlər bəzi qurumlarda az qala qılıncla qarşılanır.

Sosdem.az xəbər vevrir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili dövlət orqanlarında, o cümlədən Gömrük Komitəsində onu ciddi narahat edən vəziyyətin olduğunu qeyd edib.

“Sistemdə elə bir mexanizm formalaşıb ki, bir pillə yuxarıda dayanan rəhbər, sanki yalnız təzyiq göstərmək yolu ilə nəticə əldə etməyi üstün tutur. Aşağıda çalışan əməkdaş daim izahat vermək, səhv axtarışına cavab tapmaq və qorxu ilə işləmək məcburiyyətində qalır. Bu, idarəçilik deyil, bu, insanı psixoloji basqı altında saxlayan köhnə və səmərəsiz yanaşmadır. Pilləcə yuxarıda dayanan rəhbər əlinə dəryaz alıb hamını ot kimi biçmək istəyirsə, bir dəfə dəryazı daşa ilişəcək və yaranan qığılcım onun özünü yandıracaq”, – MCP başqanı deyib.

Deputat əlavə edib ki, ağır iş rejimi, həddən artıq nəzarət, bitib-tükənməyən göstəricilər və “səhv etsən, cəzalandırılacaqsan” hədəsi insanları “purjun” kimi sıxılmış vəziyyətdə saxlayır.

“Belə mühitdə nə təşəbbüs qalır, nə də xidmət keyfiyyəti. İnsanlar sadəcə cəzadan yayınmağa çalışır, vətəndaşa xidmət isə ikinci plana keçir.

Bu yanaşma kökündən dəyişməlidir. Dövlət orqanlarında intizam olmalıdır, amma dəhşətli qorxu atmosferi yox. İşçiyə etimad, ədalətli qiymətləndirmə və normal iş şəraiti yaradılmadan heç bir islahat real nəticə verməyəcək. İdarəetmə mədəniyyəti dəyişməsə, struktur islahatlarının da effekti yarımçıq qalacaq”, – Razi Nurullayev bildirib.

Bir cavab yazın

Back to top button