“Magistralda Avropa, kəndlərdə orta əsrlər” – Ekspert

Yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə hər il Prezidentin ehtiyat fondundan əhəmiyyətli vəsaitlər ayrılsa da, xüsusilə kənd və qəsəbədaxili yolların real vəziyyəti bu xərcləmələrin effektivliyini ciddi şəkildə sual altına alır.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının Səlyan təşkilatının sədri Ruslan Məmmədov deyib.
Rəsmi statistikaya əsasən, 2025-ci ilin ilk 9 ayı ərzində baş verən yol-nəqliyyat hadisələrinin təxminən 85 faizi yaşayış məntəqələrinin daxilində qeydə alınıb, deyən ekspert əlavə edib ki, bu göstərici təsadüfi deyil və birbaşa olaraq kənd və qəsəbə yollarında mövcud olan sistemli infrastruktur problemləri ilə bağlıdır:
“Söhbət əsasən yolların işıqlandırılmaması, piyada səkilərinin olmaması, yol nişanlarının çatışmazlığı və asfalt örtüyünün texniki standartlara cavab verməməsindən gedir. Son illərdə rayon mərkəzlərini birləşdirən əsas magistral yolların yenilənməsi müsbət hal olsa da, kənddaxili yollar bu inkişafdan faktiki olaraq kənarda qalıb. Bir çox hallarda “təmir” adı altında həyata keçirilən işlər asfaltlama deyil, sadəcə çınqıl örtüyünün çəkilməsi ilə məhdudlaşır. Üstəlik, bu işlərin əhəmiyyətli hissəsi yerli sakinlərin təşəbbüsü və məhdud imkanları hesabına aparıldığından, nə texniki nəzarət, nə də keyfiyyət standartları təmin olunur”.
MCP rəsmisinin fikrincə, rəsmi hesabatlarda “təmir olunmuş kənd yolları” kimi göstərilən kilometrlərin böyük hissəsinin əslində çınqıl örtüyündən ibarət olması büdcə vəsaitlərinin mahiyyəti üzrə təyinatından yayınması kimi qiymətləndirilə bilər:
“Asfalt örtüyü üçün ayrılmalı olan vəsaitin müvəqqəti və kosmetik müdaxilələrə xərclənməsi isə uzunmüddətli perspektivdə həm iqtisadi, həm də sosial baxımdan itkilərə səbəb olur. Yol mühəndislərinin vurğuladığı kimi, drenaj sistemi olmayan çınqıl yolun istismar müddəti maksimum bir intensiv yağış mövsümüdür. İlk güclü yağıntıdan sonra bu yollar çökür, palçığa çevrilir və yenidən keçilməz hala düşür. Nəticədə hər il eyni yol üçün təkrar vəsait xərclənir, lakin problem kökündən həll olunmur”.

Ekspert hesab edir ki, yol təhlükəsizliyinin real şəkildə yaxşılaşdırılması üçün diqqət yalnız magistrallara deyil, yaşayış məntəqələrinin daxili yol şəbəkəsinə yönəldilməlidir:
“Standartlara uyğun asfalt örtüyü, işıqlandırma, səkilər və yağış sularının ötürülməsi üçün drenaj sistemləri olmadan nə yol təhlükəsizliyindən, nə də dayanıqlı infrastrukturdan danışmaq mümkündür. Bu gün mənzərə belədir: magistrallarda Avropa standartları, kənd yollarında isə orta əsrləri xatırladan şərait. Bu fərqin aradan qaldırılması isə yalnız kosmetik “təmir”lə deyil, şəffaf planlama, texniki nəzarət və uzunmüddətli yol strategiyası ilə mümkündür”.