Xəbərlər

Bakının tıxacını bölgələrdə həll etmək olar – Ekspert

Bakının bitmək bilməyən tıxacları artıq nə yeni yollarla, nə də nəhəng körpülərlə həll olunur. Paytaxtı bu yükdən azad etməyin yolu Bakının daxilində deyil, ondan yüzlərlə kilometr uzaqlıqdakı bölgələrdədir. Paytaxtın nəqliyyat probleminin açarı – regionlarda xırda sahibkarlığın lizinq yolu ilə kütləvi inkişafındadır.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının Səlyan təşkilatının sədri Ruslan Məmmədov deyib.

Sədr bildirib ki, hər il paytaxtın yol infrastrukturuna milyardlarla manat vəsait ayrılır:

“Lakin Bakıya hər gün rayonlardan minlərlə insan iş və ruzi üçün axın edir. Əgər bu vəsaitin bir hissəsi ilə bölgələrdə kiçik istehsalat subyektləri məsələn, süd emalı sexi, meyvə qurutma məntəqəsi, tekstil emalatxanası, tulantı emalı və.s qurularsa və fərdi sahibkarlara hazır biznes kimi lizinq yolu ilə təqdim edilərsə, mənzərə kökündən dəyişər. Vətəndaş Bakıya gəlib kirayədə qalıb, gündəlik 15-30 AZN maaş üçün tıxacda vaxt itirməkdənsə, öz rayonunda, dövlətin ona lizinqlə verdiyi hazır müəssisənin sahibi olar”.

Ekspert sistemin necə işləməli olduğunu izah edib:

“Dövlət və ya iri investisiya fondları rayonlarda bütün texniki avadanlıqlarla təchiz olunmuş “standart sexlər” tikir. Fərdi sahibkar bu hazır biznesi aşağı faizli lizinqlə icarə və ya satış formasında götürür, nəticədə paytaxta iş dalınca gələn miqrasiya dayanır, xidmət sektoru olan kafe, təmir, nəqliyyat və.s canlandırır, ən əsası, Bakının yükünü azalır. Tıxacın qarşısını almaq üçün yolu genişləndirmək müvəqqəti həlldir, amma insanın doğulduğu yerdə işləməsini təmin etmək strateji həlldir.

Təşkilat sədri bir daha vurğulayıb ki, Bakının xilası asfaltdan deyil, rayonlardakı sənaye çarxlarından keçir:

“Əgər biz paytaxtın tıxacını azaltmaq istəyiriksə, pulları körpülərə deyil, rayon gənclərinin lizinqlə sahib olacağı kiçik emal sexlərinə yatırmalıyıq. Bu, həm iqtisadi inkişaf, həm də rahat nəfəs alan paytaxt deməkdir”.

Bir cavab yazın

Back to top button